SƏHİYYƏ

Leyla Əliyevanın təşəbbüsü ilə İsrailin ən yaxşı pediatrları Azərbaycana gəlib

İsrailin ən yaxşı pediatrları Azərbaycanda onlarla uşağı sağaltmaq üçün könüllü olublar!
Sputnik
BAKI, 12 iyun - Sputnik. İsraildən humanitar nümayəndə heyəti Bakıya gəlib.
Bu barədə İsrailin Azərbaycandakı səfirliyinin Facebook səhifəsində məlumat verilib.
"İsrailin ən yaxşı pediatrları Azərbaycanda onlarla uşağı sağaltmaq üçün könüllü olublar!
Bu layihənin təşəbbüskarı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadır.
Biz birlikdə uşaqlarımıza sağlamlıq və ümid gətiririk”, - səfirliyin açıqlamasında deyilir.
Xatırladaq ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva xeyriyyəçilik, təhsil, səhiyyə və digər məsələlərlə bağlı humanitar addımların təşəbbüskarıdır.
Heydər Əliyev Fondu təhsil sahəsində məktəblərin, uşaq bağçalarının və uşaq evlərinin inşa edilməsi və yenidən qurulması, orta və ali məktəblərin dərsliklərlə təmin olunması, internat məktəblərində xeyriyyə tədbirlərinin həyata keçirilməsi, səhiyyə sahəsində yeni sağlamlıq müəssisələrinin inşası və yenidən qurulması, müalicə-diaqnostika, reabilitasiya mərkəzlərinin yaradılması, diabetli, talassemiyalı xəstələrə qayğı və onların müalicəsinin təşkil edilməsi, qanvermə aksiyalarının keçirilməsi, mədəniyyət sahəsində uşaq musiqi məktəblərinin inşası, bağçaların təmiri kimi böyük layihələrə imza atıb.
Heydər Əliyev Fondu daim uşaqlar və onların problemlərini diqqətdə saxlayır, xüsusən də, valideyn qayğısından məhrum olan, fiziki qüsurlu uşaqların əsl himayəçisi kimi fəaliyyət göstərir.