BAKI, 11 iyun — Sputnik. Bir xeyli müddətdir ki, ölkəmizdə “gənclərin ahəngdar inkişafı və asudə vaxtının təşkili, gənclərə sosial-psixoloji, hüquqi və informasiya yardımının göstərilməsi məqsədi ilə “Gənclər evi” sosial xidmət müəssisələrinin şəbəkəsi yaradılıb. Bu şəbəkəsinin yaradılması qaydaları hələ Artur Rəsizadə baş nazir olduğu dönəmdə, təxminən altı il öncə təsdiqlənib. Maraqlananlar bu qaydaları, “Gənclər evi” sosial xidmət müəssisələrinin şəbəkəsinin yaranması, fəaliyyət prinsipləri, məqsədləri və görəcəyi işlərlə bağlı rəsmi sənədləri internetdən tapa bilər.
Çünki az qala hər rayonda yaradılan “Gənclər evi”nin hansı məqsədə xidmət etməsi, bütövlükdə fəaliyyəti insanımız üçün müəmmalıdır. Şəxsən mən uzun müddətdir araşdırsam da, çox təəssüf ki, “Gənclər ev”lərinin məqsəd və məramına xidmət edən bir səs-küylü, müzakirə olunan layihəyə rast gələ bilməmişəm. Əslində qaydalar, sərəncamlar, qanunlar hər şeyi açıq-aydın izah etsə də, belə möhtəşəm adı və məqsədləri olan bir şəbəkə fəaliyyətsizliyi ilə daha çox diqqət çəkir.
Naftalanda “Little Free Library” (“Kiçik Pulsuz Kitabxana”)
© Sputnik / Ilham Mustafayev
***
Yəqin xatırlayarsınız, bir zamanlar Bilik Fondu var idi. Bir zamanlar həmin Fond fəaliyyəti ilə bölgələrə canlanma gətirməyə çalışır, maraqlı və unikal layihələr həyata keçirirdi. Sonra dövlətimiz bu Fonda ehtiyac duymadığı üçün, qurum ləğv edildi. Məhz bu fondun xətti ilə işlədiyim rayonda, az qala bütün “Gənclər evi” şəbəkəsinin gördüyündən çox iş görmüşdüm. Müxtəlif rayon və kəndlərdə yaradılan oxucu klubları, kino klubları, peşə və dil kursları susqunluqdan bağrı çatlayan əyalət gənclərinin həyatına xüsusi rəng qatmışdı. Təbii ki, Bilik Fondunun fəaliyyətində də qüsurlar, problemlər var idi. Ancaq Fondun əsas komandası yaradıcı və ziyalı insanlardan ibarət olduğu üçün, görülən işlərdə, həyata keçirilən layihələrdə həqiqi istək və vicdanlı yanaşma var idi. Odur ki, bir zamanlar əməkdaşlıq etdiyim Fondu elə-belə xatırlamadım. Əslində yaxşı nümunələrin olduğunu, zamanla müsbət işlər görüldüyünü xatırlatmaqla, yaddaşımı təzələmək istədim. Bir vaxtlar bizim təmənnasız, şövqlə, sevgiylə gördüyümüz işləri dövlət xətti ilə yaradılan “Gənclər evi” sosial xidmət müəssisələrinin şəbəkəsi həyata keçirməlidir. Əfsuslar ki, aktiv fəaliyyət, nəzərəçarpan və fərqli layihələr yox dərəcəsindədir.
Şpris və həblər
© Depositphotos.com / Amixstudio
***
“Gənclər evi” sosial xidmət müəssisələrinin şəbəkəsinin əsas məqsədlərindən biri, “gənclər arasında sağlam həyat tərzinin təbliğ edilməsi üçün onların alkoqollu içkilərin, tütün, narkotik vasitələrin, psixotrop maddələrin istifadəsindən çəkindirilməsi məqsədi ilə maarifləndirilməsi, infeksion və qeyri-infeksion xəstəliklərin profilaktikası, düzgün qidalanma, fiziki aktivlik, reproduktiv sağlamlıqla bağlı biliklərinin artırılması istiqamətində işlərin həyata keçirilməsi”dir. Təəssüf ki, “Gənclər evi” şəbəkəsi yarandığı gündən bu günədək gənclər arasında alkoqollu içkilərin, tütün, narkotik vasitələrin, psixotrop maddələrin istifadəsi artan xətlə inkişaf edir. Eyni zamanda bu şəbəkənin qaydalarında risk qrupunda olan gənclərlə bağlı xüsusi bəndlər mövcuddur ki, heç biri fəaliyyət zamanı yada düşmür. “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq “Gənclər evi” sosial xidmət müəssisələrində risk qrupunda olan gənclərə göstərməli olduğu xidmətləri oxuyursan, insanın qəlbində ümid yaranır:
Risk qrupunda olan gənclərin hüquqi və sosial-psixoloji yardımla təmin edilməsi;
Risk qrupunda olan gənclərin aktiv məşğulluq tədbirlərinə cəlb olunmasına kömək göstərilməsi;
Risk qrupunda olan gənclər üçün psixoloji reabilitasiya və psixoloji korreksiya kursunun təşkil edilməsi və s. və ilaxir (Ətraflı məlumat almaq istəyənlər xidmət şəbəkəsi barədə internet saytlarında xudmani araşdırma apara bilər).
Deməli “Gənclər evi” digər məqsədlərinə çata bilmədiyi kimi, xidmət göstərmək məqsədindən də çox uzaqdadır. Hərdən “quş qoymaq” xatirinə həyata keçirilən tədbirlərin gənc nəslə, xüsusilə risk qrupunda olan gənclərə heç bir faydası yoxdur. Ancaq məhz bu ərəfədə, bu dönəmdə həmin sosial xidmət müəssisələrinin aktiv və ciddi fəaliyyətinə ehtiyac var.
***
Çox arzulayardım ki, Maliyyə Nazirliyi, Gənclər və İdman Nazirliyi “Gənclər evi” sosial xidmət müəssisələrinin fəaliyyətini dərindən araşdırıb, yoxlayıb cəmiyyətə də məlumat versin. Bu fəaliyyətsizliyin səbəblərini bilmək vergi ödəyicisi, sıravi vətəndaş olaraq bizim də haqqımızdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.