İDMAN

"Formula-1" qəzalarsız ötüşmədi

"Formula-1" üzrə Azərbaycan Qran-prisinin ilk günü bir neçə qəza ilə yadda qalıb.
Sputnik
BAKI, 10 iyun — Sputnik. Xəbər verdiyimiz kimi, bu gündən Bakıda "Formula-1" yarışlarına start verilib. Yarışın ilk günü qəzasız ötüşməyib.
Belə ki, "Formula-1" üzrə Azərbaycan Qran-prisində növbəti qəza baş verib, pilotun bolidində problem aşkarlanıb. Birinci sərbəst yürüşdə "Uilyams" pilotu Nikolas Latifinin bolidi sıradan çıxıb.
27 yaşlı sürücü avtomobilinin mühərrikində problem aşkarlandığı üçün test yürüşünə davam edə bilməyib.
Bundan başqa, "Campos Racing" komandasından Ralf Boşunqun bolidi sərbəst yürüşdə qoruyucu səddə çırpılıb. 25 yaşlı sürücü dönmə zamanı avtomobilini tarazlaya bilməyib. Nəticədə qırmızı bayraq qaldırılıb.
Eyni zamanda, "Dams" komandasından Ayumu İvasanın bolidi də sıralama turunda qoruyucu səddə çırpılıb.
Nəticədə qırmızı bayraq qaldırılıb, İsava yarışı davam etdirə bilməyib.
Bundan başqa, "MP Motorsport" komandasında çıxış edən Klement Novalakın bolidi sərbəst yürüş zamanı qoruyucu səddə çırpılıb, nəticədə qırmızı bayraq qaldırılıb.
Xatırladaq ki, bu gün "Formula-1" və "Formula-2" üzrə Azərbaycan Qran-prisinə start verilib. Azarkeşlər 3 illik fasilədən sonra Qran-prini tribunalardan izləyə biləcəklər. İlk yarış günündə "Formula-1"də iki sərbəst yürüş, "Formula-2"də isə sərbəst yürüş və sıralama turu gerçəkləşəcək.
Qeyd edək ki, "Formula-1" yarışı Bakıdakı 6-cı Qran-pri kimi tarixə düşəcək, Azərbaycan Qran-prisi iyunun 12-də başa çatacaq.
İDMAN
"Formula-1" üzrə Azərbaycan Qran-prisi start götürür