SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycanın xarici siyasət idarəsi Lavrovun fikirlərini şərh edib

Azərbaycan XİN-dən bildirilib ki, delimitasiya komissiyalarının fəaliyyəti əvvəlcədən nəzərdə tutulduğu kimi məhz iki ölkənin dövlət sərhədinin delimitasiyası məqsədini güdür.
Sputnik
BAKI, 9 iyun — Sputnik. "Qeyd etmək istərdik ki, Azərbaycan və Ermənistan tərəfindən təsis edilmiş delimitasiya komissiyalarının fəaliyyəti əvvəlcədən nəzərdə tutulduğu kimi məhz iki ölkənin dövlət sərhədinin delimitasiyası məqsədini güdür". Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistana səfəri çərçivəsində keçirilən mətbuat konfransında Xocalı rayonunun Fərrux kəndi ilə əlaqəli vəziyyətin Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası kontekstində nəzərdən keçiriləcəyinə dair fikrini şərh edərkən bildirib.

"Bu proses çərçivəsində Azərbaycan-Ermənistan dövlət sərhədindən kənar hər hansı bir məsələyə, o cümlədən Azərbaycan Respublikasının Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərlə bağlı məsələyə baxılması nəzərdə tutulmur", - XİN sözçüsü vurğulayıb.

Azərbaycan XİN-in rəsmi təmsilçisi Leyla Abdullayeva
Daha sonra Rusiya Xarici İşlər Nazirliyinin saytında Sergey Lavrovun sözlərinə müəyyən dəyişikliklər edilib. Xarici İşlər Nazirinin düzəliş edilmiş açıqlaması belədir:

“Ümid edirik ki, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesinin başlanması Bakı ilə Yerevan arasında etimadın artırılmasına və Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında Fərrux kimi insidentlərin qarşısını almağa kömək edəcək”.

Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov ötən gün Yerevana gəlib. Bu gün Yerevanda Rusiya və Ermənistan XİN rəhbərləri arasında görüş keçirilib. Görüşdən sonra keçirilən mətbuat konfransında jurnalist Sergey Lavrova Xocalı rayonunun Fərrux kəndindəki vəziyyətlə bağlı sual verib.
İyunun 10-da Sergey Lavrov Yerevanda KTMT Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək.
Ermənistan Xarici İşlər Nazirliyi Rusiya XİN rəhbərinin Yerevanda Ermənistanın Baş naziri Nikol Paşinyan və Prezident Vahan Xaçaturyanla görüşəcəyini bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.