BAKI, 8 iyun — Sputnik. Şağan Olimpiya İdman Kompleksində sərbəst və yunan-Roma güləşi üzrə ilk U-15 Azərbaycan çempionatı keçirilir. Milli Olimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunan birinciliyin ilk günündə 38, 44, 52, 62 və 75 kiloqram çəki dərəcələrində çıxış edən sərbəst güləşçilər mübarizə aparıblar.
Çempionatın açılış mərasimində çıxış edən Milli Olimpiya Komitəsinin (MOK) İdman şöbəsinin əməkdaşı İntiqam Səfərov MOK-un 30 illik fəaliyyəti dövründə idmanda qazanılan uğurlardan danışıb.
Öz növbəsində yarış iştirakçılarına uğurlar arzulayan Azərbaycan Güləş Federasiyasının baş katibi Nəsimi Musayev çempionatı açıq elan edib.
Daha sonra 5 çəki üzrə həlledici qarşılaşmalar keçirilib. Yarışda Məhərrəm Rzayev (38 kq), Muhamməd İsmayılov (44 kq), Hüseyn Hüseynov (52 kq), Məhəmməd Abbaszadə (62 kq) və Şeyxəli Babazadə (75 kq) qızıl medal qazanıblar.
İlk 3 yeri tutan güləşçilər Güləş Federasiyasının medalları, Gənclər və İdman Nazirliyinin diplomları ilə təltif ediliblər. Bundan başqa, çempionlara MOK-un xüsusi hədiyyələri təqdim olunub.
Qeyd edək ki, iyunun 8-də sərbəst güləş üzrə digər 5 çəkidə qaliblər müəyyənləşəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.