BAKI, 7 iyun — Sputnik. Rusiyada qiymət artımı mayın ikinci yarısından dayanıb, indi inflyasiya sıfır səviyyəsindədir. TASS xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin iqtisadi məsələlər üzrə müşavirədə deyib.
"İnflyasiya nəzarət altına alınıb. İllik göstəricilər üzrə mayın 27-nə 17,4% təşkil edib. Eyni zamanda, mayın ikinci yarısından başlayaraq qiymət artımı tamamilə dayanıb. İndi inflyasiya sıfır səviyyəsindədir", - prezident vurğulayıb.
Eyni zamanda, Putin qeyd edib ki, hakimiyyət bu vəziyyətin həm müsbət, həm də mənfi tərəflərini diqqətdə saxlamalıdır.
"Burada müsbət cəhətlər var, xalqın dediyi kimi, müəyyən tələ də var, ona görə də vəziyyəti ən diqqətli şəkildə təhlil edib vaxtında qərarlar qəbul etmək lazımdır və həqiqətən biz bunu edirik", - deyə Putin izah edib.
Rosstat-ın məlumatına görə, 2022-ci ilin martında Rusiyada inflyasiya fevral ayında olan 1,17%-dən 7,61%-ə, illik göstəricidə isə bir ay əvvəl olan 9,15%-dən 16,69%-ə qədər sürətlənib. Aylıq inflyasiyanın göstəricisi mart ayında 7,61% olaraq 1999-cu ilin yanvarından bu yana ən yüksək həddə çatıb - o zaman dəyər 8,38% səviyyəsində olub.
Rusiyada illik inflyasiya baza effektinə görə artmağa davam edəcək, lakin həftəlik məlumatlar qiymət artımının cari tempinin əhəmiyyətli dərəcədə yavaşladığını göstərir.