BAKI, 6 iyun — Sputnik. Dünyada neftin qiymətləri həftəyə yüksəlişlə başlayıb.
"Brent" neftinin qiyməti 120 dolları, ABŞ neftinin qiyməti isə 119 dolları keçib.
Dünyanın ən böyük neft ixracatçısı olan Səudiyyə Ərəbistanı Asiyalı alıcılar üçün neftin qiymətini gözləniləndən daha çox artırıb. Həmin ölkə bu addımı tədarüklə bağlı narahatlıqlar və yayda güclü tələb gözləntiləri fonunda atıb.
Digər tərəfdən, Çində pandemiyaya qarşı karantin tədbirləri yumşaldılıb. Bu da neftin qiymətinin qalxmasına səbəb olub.
Yaponiyada neftin qiyməti rekord həddə çatıb
Tokio birjasında 1 ton xam neftin qiyməti 658 dollara çatıb. Bu, 2008-ci ildən sonra ən yüksək göstəricidir. Cümə günü ilə müqayisədə qiymət 18 dollar bahalaşıb.
Ötən həftə "Azeri Light" markalı neftin 1 barelinin orta qiyməti 126,73 ABŞ dollarına bərabər olub ki, bu da ondan əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 2,71 dollar və ya 2,2% çoxdur.
Xatırladaq ki, Azərbaycan neftinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99 dollar) qeydə alınıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.