BAKI, 6 iyun — Sputnik. Səhiyyə Nazirliyi tərəfindən dövlət və özəl xəstəxanalara nəzarət üçün müvafiq protokollar müəyyənləşməlidir. Təəssüflər olsun ki, 30 ilə yaxındır ki, bu istiqamətdə hansısa iş görmürük.
Millət vəkili Asim Mollazadə özəl xəstəxanalarda özbaşınalığın artmasına münasibət bildirərkən belə deyib.
O bildirib ki, daha sonrakı addımda hansısa ciddi protokol pozuntularına yol verən xəstəxana lisenziyasını itirməli, xəstəxana ilə yanaşı həkim də cəzalandırılmalıdır.
Fikirlərini əsaslandıran millət vəkili onu da qeyd edib ki, dünyada hər bir həkim və xəstəxananın fəaliyyəti müvafiq protokollar əsasında həyata keçirilir.
Milli Məclisin səhiyyə komitəsinin üzvi, millət vəkili Kamilə Əliyeva isə ayrı-ayrı xəstəxanalarda ana və ya yenidoğulmuş ölümü ilə nəticələnən hadisələrdən danışaraq bildirir ki, bu kimi xoşagəlməz hadisələr kütləvi hal almayıb:
"İstəmirəm ki, hər şeyi səhiyyənin üzərinə ataraq xidmətin keyifyyətsiz, həkimin qeyri-peşəkar olduğunu deyim. Lakin bunlar da fakt olaraq qalmaqdadır. Lakin yalnız həkim səriştəsizliyinin deyil, digər faktorların da bu kimi halların baş verməsində rolu var".
O qeyd edir ki, ana ölümlərində həm səhiyyə, həm də xəstənin laqeydliyinin rolu var. Millət vəkilinin qənaətinə görə, hazırda dövlət özəl xəstəxanaların işinə müdaxilə edə bilmir.
Tibb üzrə ekspert Adil Qeybulla da millət vəkili Asim Mollazadə ilə eyni fikirdədir. Nəzarətin Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilməsinin vacibliyini vurğulayan A.Qeybullanın fikrincə, nə qədər ki, ayrı-ayrı xəstəxanalar müxtəlif nazirliklərin tabeliyindədir, bu nəzarəti həyata keçirtmək mümkün olmayacaq:
"Düşünürəm ki, bu sahədə biz Türkiyə təcrübəsindən istifadə etməliyik. Yəni, Türkiyədə səhiyyə işini həyata keçirən nazirlik tərəfindən tibb məntəqələrinin müstəqilliyi təmin edilir, özbaşınalıqlara yol verilmir".
Səhiyyə eksperti Adil Qeybulla
© MeydanTV
O qeyd edir ki, tibbi nəzarət mənasında özəl xəstəxanalar müstəqil ola bilməz, onlara nəzarət mütləqdir:
"Xəstəxanalarda kliniki protokollar olmalıdır. Amma baxın görün hansı xəstəxanalarda kliniki protokollar var?".
Qeyd edək ki, bir müddət əvvəl sosial şəbəkələrdə bəzi özəl xəstəxalarla bağlı xoşagəlməz paylaşımlar olur. Xəstələr yüksək məbləğdə vəsait ödəmələrinə rəğmən həmin xəstəxanalarda xidmətin çox aşağı səviyyədə olmasından gileylənirlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.