BAKI, 6 iyun — Sputnik. "Əksər ölkələrdə meymunçiçəyi virusuna yoluxma halları artsa da, Azərbaycanda bu virusa yoluxma halı qeydə alınmayıb". Bu fikirləri jurnalistlərə açıqlamasında səhiyyə naziri Teymur Musayev deyib.
O bildirib ki, meymunçiçəyi virusu ilə bağlı həm Ümumdünya Səhiyyə Təşkilatı, həm də onların Avropa Bürosu ofisləri ilə mütəmadi əlaqədədirlər:
"Azərbaycanda meymunçiçəyi virusunun yayılmasına şərait yaradan amillər yoxdur. Düşünürük ki, əhalinin gigiyenik qaydalara düzgün riayət etməsi bu virusun ölkəmizdə yayılmasının qarşısını ala biləcək".
Teymur Musayev
© Photo : Azerbaijan Ministry of Health
Məlumat üçün bildirək ki, suçiçəyi və meymunçiçəyinin klinik əlamətləri arasında oxşar və fərqli əlamətlər var. 90 faiz simptomlar bir-birinə bənzəyir. Fərqə gəldikdə isə meymunçiçəyi xəstəliyində limfa düyünlərinin böyüməsi, şişkinliyi hallarına daha çox rast gəlinir.
Xəstəliyə ilk dəfə 1970-ci ildə Konqo Demokratik Respublikasında rast gəlinib. 2016-cı ildən bəri təsdiqlənmiş hallar son vaxtlar daha çox Mərkəzi Afrika Respublikası, Konqo Respublikası və Nigeriyada rast gəlinir.
2017-ci ilin sentyabrından bəri Nigeriyanın 32 ştatında 558 xəstə aşkarlanıb, 8 nəfər ölüb. Xəstəliyin 20 dəfə artmasının səbəbini 1980-ci ildə çiçək xəstəliyinə qarşı peyvəndin dayandırılması ilə əlaqələndirirlər.
Virusun inkubasiya dövrü 7-19 gündür. Xəstəlik heyvandan insana əsasən, heyvanın insan bədənini cızması, qanı və ya havadakı tənəffüs damcıları vasitəsilə ötürülə bilər. Lakin insandan insana keçməsi halları da müşahidə edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.