BAKI, 6 iyun — Sputnik. Aprelin 3-də "Location" gecə klubundakı partlayışdan sonra paytaxtdakı iaişə müəssislərində 356 nöqsan aşkarlanıb. Bu təhlükə hələ də sovuşmayıb. Medianın apardığı araşdırmalar, sosial şəbəkələrdəki tənqidlər Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətini hərəkətə keçirib.
Belə ki, Dövlət Yanğın Nəzarəti Xidməti vətəndaşların müraciəti əsasında aparılmış plandankənar yoxlama zamanı Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 2222-ci məhəllə ünvanında yerləşən "ENJOY" gecə əyləncə klubunda yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki: - obyekt normaya uyğun ehtiyat çıxış yolu ilə təmin edilməyib;
- obyektin əsas zalında döşəmə hissə divar boyunca 40sm hündürlüyündə taxta diktlərdən istifadə olunaraq üzəri xalça ilə üzlənib ki, bu da əlavə yanğın təhlükəsi yaradır;
- obyektin qapılarının təxliyə məqsədilə çıxış istiqamətində açılması təmin edilməyib;
- obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu quraşdırılmayıb;
- obyekt ilkin yanğınsöndürmə vasitələri və odsöndürən balonlarla tam təmin olunmayıb;
- elektirik enerjisinin kəsilməsi halları nəzərə alınaraq, obyekt ehtiyat elektrik generatoru ilə təmin edilməyib;
- obyektin istismarı Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb.
Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının pozulması səbəbindən baş verə biləcək yanğın hadisələrindən insanların həyatının və sağlamlığının, dövlətin əmlak maraqlarının, milli sərvətin, ətraf mühitin, bütün mülkiyyət növlərinin qorunması məqsədilə, "Yanğın təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin 9-cu bəndini, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 28-ci maddəsini, eləcə də "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti haqqında Əsasnamə"nin 9.7-ci bəndinin tələblərini rəhbər tutaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, ev 2222-ci məhəllə ünvanında yerləşən "ENJOY" gecə əyləncə klubunda işlərin və xidmətlərin göstərilməsinin dayandırılması barədə Qərar qəbul olunub.
Qeyd olunub ki, vətəndaşlar Dövlət Yanğın Nəzarəti Xidmətinin bu qərarından razı qalıb, minnətdarlıqlarını birdiriblər.
Gecə klublarında təhlükə sovuşmayıb
Xatırladaq ki, bir müddət əvvəl Sputnik Azərbaycan da baş verən faciəyə rəğmən hələ də Bakıda zirzəmilərdə fəaliyyət göstərən ictimai iaişə obyektlərində qanunsuz olaraq qazdan istifadə edildiyini yazmışdı.
Həmin vaxt "Azəriqaz" İstehsalat Birliyindən verilən məlumatda bildirilirdi ki, Bakıda gecə klubunda baş verən partlayışdan sonra yaranan birgə komissiyanın fəaliyyəti çərçivəsində "Azəriqaz" İstehsalat Birliyinin abonenti olan 1 500-dək sənaye obyektinə (qeyri-yaşayış) birgə yaradılan komissiya tərəfindən baxış keçirib.
"Azəriqaz" İB və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birgə baxış zamanı bəlli olub ki, aşkar edilən nöqsanlar tikinti norma-qaydalarının və layihə-smeta sənədlərin qaydalarının tələblərin pozuntusu ilə əlaqədardır. Bu hallar Bakı və Abşeron rayonunu əhatə edir.
"Azəriqaz" İstehsalat Birliyinin mətbuat katibi Eldəniz Vəliyev sorğumuza cavab olaraq bildirib ki, araşdırma zamanı "Azəriqaz" İB ilə sövdələşəminin pozulması, əlavə tikililər, kənar xətlər aşkarlandığı üçün obyektlərin qazlaşdırılması dayandırılıb. 274 obyektdə sayğaclar çıxarılıb, digərlərində isə sayğac saxlanılmaqla qazın verilişinə plomb qoyulub. "Azəriqaz" İB-nin əməkdaşları tərəfindən baxış zamanı da əlavə müdaxilələr aşkarlanıb.
"Qaz təchizatı haqda qanuna əlavə və dəyişikliklər edilib. Bundan sonra sayğacın quraşdırılmasından sonrakı mərhələyə də "Azəriqaz" İB nəzarət imkanı qazanıb. Mütəmadio baxışlar keçiriləcək, yəqin ki, bundan sonra belə halların sayı azalacaq", - deyə E.Vəliyev əlavə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.