DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Türkiyədən Avropa İttifaqına CQD xatırlatması

Türkiyə mətbuatı yazır ki, üç ildən sonra Türkiyə ilə Avropa İttifaqı arasında keçirilən siyasi dialoqda Avropanın enerji tələbatı məsələsi müzakirə edilib.
Sputnik
BAKI, 3 iyun — Sputnik. Türkiyə və Aİ Azərbaycan və Türkmənistandan Cənub Qaz Dəhlizi (CQD) vasitəsilə Avropaya qaz nəqlini müzakirə ediblər. Bu barədə Türkiyənin "Milliyet" nəşri yazıb.
Qeyd olunur ki, Türkiyə ilə Avropa İttifaqı arasında siyasi dialoqa dair görüş üç ildən sonra mayın 31-də Ankarada keçirilib.
"Görüşdə Avropanın enerji tələbatını ödəmək üçün Azərbaycan və Türkmənistandan qaz tədarükü müzakirə edilərkən, Türkiyə nümayəndə heyəti qazın Cənub Qaz Dəhlizindən keçməsinin zərurətini xatırladıb", - qəzet yazır.
Qeyd edək ki, bundan əvvəl Fransa Prezidenti Emmanuel Makron gələcəkdə Rusiyadan alınan qaza Avropa embarqosunun tətbiq oluna biləcəyini istisna etməyib və hər şeyin Ukraynadakı vəziyyətin inkişafından asılı olacağını qeyd edib.
Cənub Qaz Dəhlizi Cənubi Qafqaz qaz boru kəmərinin (Bakı-Tbilisi-Ərzurum) genişləndirilməsi, həmçinin Türkiyədə Trans-Anadolu boru kəməri (TANAP) və Trans-Adriatik boru kəmərinin (TAP) tikintisi üzrə layihədir. Bu layihə çərçivəsində hasil ediləcək təbii qaz Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya ərazisindən və Adriatik dənizinin dibindən keçməklə İtaliyaya qədər 3500 kilometrdən artıq uzanan boru kəmərləri vasitəsilə çatdırılacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.