BAKI, 3 iyun — Sputnik. Dünyada 1,5 milyard insan Ukraynadan ixrac edilən taxıldan, Rusiyanın ərzaq və gübrəsindən asılı vəziyyətdə olduğundan, ixracın bərpasına dair danışıqlar mümkün qədər tez başa çatdırılmalıdır. Bunu BMT-nin Ukrayna böhranı üzrə koordinatoru Amin Avad bildirib.
"Hazırda dünyada bu qidaya və gübrəyə ehtiyacı olan 1,5 milyard insan var. Ümid edirəm ki, danışıqlar həqiqətən də rəvan gedir və limanların blokadasının götürülməsi ilə gübrə, qida ixracının bərpası mümkün qədər tez başa çatdırılacaq. Biz daha bir böhranla üzləşməzdən əvvəl bu mümkün qədər tez baş verəcək", - deyə Avad Cenevrədəki brifinqdə bildirib.
BMT baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffits hazırda Moskvadadır. O Rusiya hökumətinin nümayəndələri ilə görüşlər keçirir. Bundan əvvəl BMT‐nin Ticarət və İnkişaf üzrə Konfransının baş katibi Rebeka Qrinspan da Rusiyaya səfər edib, daha sonra Vaşinqtona gedib.
Bundan əvvəl Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirmişdi ki, Rusiya Ukrayna taxılı olan gəmiləri buraxmağa hazırdır, lakin Kiyev Qara dənizi minalardan təmizləməlidir. Onun sözlərinə görə, Kiyev təkcə minalar qoymayıb, gəmiləri də batırıb.
Xatırladaq ki, Rusiya xarici işlər naziri Sergey Lavrov Bəhreynin xarici işlər naziri Əbdüllətif bin Rəşid əl-Zəyani ilə danışıqların yekunlarına dair mətbuat konfransında bildirmişdi ki, Ukrayna öz ərazi sularında minalardan təmizləmə problemini həll edərsə, Rusiya Hərbi Dəniz Donanması Ukraynanın taxıl gəmilərinin maneəsiz keçidini təmin edəcək.
Nazir diqqəti ona yönəldib ki, Rusiya öz növbəsində ərzaq təhlükəsizliyi probleminin həlli üçün hər şeyi edib:
"Hazırda ərzaq təhlükəsizliyi mövzusunda səslənən təşəbbüslər nəzərə alınmalıdır. Rusiya tərəfi olaraq bizdən asılı olan hər şeyə çoxdan zəmanət vermişik. Amma Rusiya gəmiləri üçün limanlarının bağlanması, logistika və maliyyə zəncirlərinin sıxışdırılması ilə xeyli süni problemlər yaradan Qərb ölkələri, təbii ki, onlar üçün nəyin daha vacib olduğunu ciddi şəkildə düşünməlidirlər", - deyə Lavrov bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.