SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan və ABŞ parlamentariləri nədən danışıblar

Millət vəkilləri regionda gedən proseslər haqqında danışaraq amerikalı parlamentarilərin diqqətini Azərbaycanın beynəlxalq hüquqa əsaslanaraq öz ərazi bütövlüyünü təmin etdiyinə yönəldiblər.
Sputnik
BAKI, 3 iyun - Sputnik. İyunun 3-də Milli Məclisin Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupu ilə ölkəmizdə səfərdə olan ABŞ Konqresinin nümayəndə heyəti arasında görüş keçirilib. Bu barədə Milli Məclisin mətbuat xidməti məlumat yayıb.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri və Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Səməd Seyidov qonaqları salamlayaraq Azərbaycanla Birləşmiş Ştatlar arasındakı əlaqələrdən söz açıb.
O, Azərbaycanın təşəbbüskarı olduğu beynəlxalq layihələrin reallaşmasında ABŞ-ın və onun Konqresinin dəstəyini məmnunluqla qeyd edib.
Komitə sədri 44 günlük Vətən müharibəsindən sonra bölgəmizdə yaranmış yeni reallıqlar və regional əməkdaşlıq imkanları, Azərbaycanın bölgədə sülhün bərqərar olması və regional əməkdaşlığın inkişafı üçün göstərdiyi təşəbbüslər barədə məlumat verib.
ABŞ Konqresinin nümayəndə heyəti ilə görüşdə
Görüşdə iştirak edən Milli Məclisin Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Sevinc Fətəliyeva, Nigar Arpadarai, Erkin QədirliAsim Mollazadə regionda gedən proseslər haqqında fikirlərini bölüşərək Azərbaycanın beynəlxalq hüquqa əsaslanaraq öz ərazi bütövlüyünü təmin etdiyini diqqətə çatdırıblar.
Deputatlar işğaldan azad edilmiş ərazilərdə Azərbaycan tərəfindən aparılan yenidənqurma işləri barədə məlumat veriblər, bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsinin vacibliyini vurğulayıblar.
ABŞ Konqresi nümayəndə heyətinin üzvləri Dişa Banik, Vill Smeters, Uilyam Kristian, Troy Duql, Sara Temic, Ata Xan, Ketrin Nikol Klos səmimi qəbul üçün təşəkkür ediblər, regionda gedən proseslərlə bağlı verdikləri suallara deputatlar ətraflı cavablar veriblər.
Görüşdə Azərbaycanın beynəlxalq hüquqa, demokratiyaya və bəşəri dəyərlərə sadiq olduğu, bölgədə sülhün bərqərar olunması və regional əməkdaşlığın inkişafı üçün çalışdığı qonaqların diqqətinə çatdırılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.