NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Şuşada bərpaolunan enerji sahəsində müqavilə imzalanacaq - Nazir

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının "yaşıl enerji" sektorunda böyük potensialı mövcuddur.
Sputnik
BAKI, 2 iyun — Sputnik. İyunun 4-də Şuşada bərpaolunan enerji sahəsində müqavilə imzalanacaq. Bunu energetika naziri Pərviz Şahbazov Bakı Enerji Forumunda deyib.
Nazir bildirib ki, bu cür müqavilələrin imzalanması investorlar tərəfindən gözlənilən addımdır. Çünki Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının "yaşıl enerji" sektorunda böyük potensialı mövcuddur.
O əlavə edib ki, "Azəri-Çıraq-Günəşli" (AÇG) və "Şahdəniz" yataqlarından indiyədək 168 milyard kubmetr qaz hasil edilib. Bu layihələr çərçivəsində 163 milyard dollardan artıq gəlir əldə olunub. Bu günədək AÇG neft-qaz yataqları blokunda və "Şahdəniz" qaz-kondensat yatağında 555 milyon ton neft hasil edilib.
Azərbaycanda Bakı Enerji Forumu başlayıb
Qeyd edək ki, bu gün Bakı Konqres Mərkəzində Bakı Enerji Forumu öz işinə başlayıb. Forum Bakı Enerji Həftəsinin ayrılmaz tərkib hissəsidir.
Tədbirdə qlobal enerji perspektivləri, yaşıl enerjiyə keçidin maliyyələşdirilməsi, qaz təchizatı məsələləri, Xəzər regionunda kəşfiyyat və hasilat imkanlarının xəritəsi və bir sıra digər aktual məsələlər müzakirə olunur.
Bu il forumda dünyanın 20 ölkəsindən 400-dən çox nümayəndə iştirak edir. Forumun proqramına 50 məruzəçinin 25-dən çox mövzusu daxildir. Plenar iclas "Enerji keçid dövründə dəyişən dünyada yeni imkanlar və problemlər" mövzusuna həsr olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.