CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

General Rövşən Əkbərov müalicə müəssisəsinə yerləşdirilib

Xroniki xəstəlikləri olduğu üçün general müalicə müəssisəsində həkim nəzarətində saxlanılır.
Sputnik
BAKI, 2 iyun - Sputnik. Qəsdən adam öldürməkdə təqsirli bilinərək 10 il azadlıqdan məhrum edilmiş, sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun səhhətində problem yaranıb.
APA-nın əldə etdiyi xəbərə görə, sabiq birlik komandiri hazırda Pentensiar Xidmətin müalicə müəssisəsində müalicə olunur.
Ədliyyə Nazirliyinin Tibb xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Rövşən Əkbərov xroniki xəstəlikləri olduğu üçün müalicə müəssisəsində həkim nəzarətində saxlanılır: “Hazırda səhhəti stabildir, sağlamlıq durumunda həyati təhlükəli hallar izlənilmir".
Qeyd edək ki, Rövşən Əkbərov barəsində olan cinayət işi üzrə Baş Prokurorluq tərəfindən istintaq aparılıb.
Aparılmış istintaqla Rövşən Əkbərovun 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanında yerləşən "Sikora" kafesində yeyib-içdikdən sonra, saat 4 radələrində həmin kafenin yaxınlığında Elçin Əliyev ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə sonuncunun ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək Elçin Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Rövşən Əkbərova Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bakı Hərbi Məhkəməsinin hökmü ilə R.Əkbərov 10 il müddətinə azadlıqdan məhrum edilib.
AZƏRBAYCAN XƏBƏRLƏRİ
General Rövşən Əkbərovun apellyasiya şikayəti təmin edilməyib