CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda Beynəlxalq Sosial Elmlər Konqresinin açılışı olub - FOTO

Konqres Qarabağla bağlı mövzulara həsr edilib və tədbirin 3 günü Bakıda, 1 günü isə Şuşada keçiriləcək.
Sputnik
BAKI, 2 iyun — Sputnik. Bu gün Bakıda Milli Məclis, Türkiyə Böyük Millət Məclisi Beynəlxalq Balkan Universitetinin birgə təşkilatçılığı ilə 7-ci Beynəlxalq Sosial Elmlər Konqresi öz fəaliyyətinə başlayıb.
Bakıda Beynəlxalq Sosial Elmlər Konqresinin açılışı
Tədbirdə ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop, Milli Məclisin sədri Sahibə Qafarova və digər yüksək səlahiyyətli yerli və xarici nümayəndələr iştirak ediblər.
APA-nın məlumatına görə, konqres Azərbaycan və Türkiyənin Dövlət Himnlərinin səsləndirilməsindən sonra açıq elan olunub.
Konqresi giriş nitqi ilə açan rektor Hafiz Paşayev konqres iştirakçılarını salamlayıb.
Konqres Qarabağla bağlı mövzulara həsr edilib.
Konqresdə çıxış edən Sahibə Qafarova bildirib ki, 7-ci Beynəlxalq Sosial Elmlər Konqresi çərçivəsində aparılacaq müzakirələr elmi dairələrimizin birgə fəaliyyətinin gücləndirilməsi, ölkələrimiz və xalqlarımız üçün mühüm mövzuların nəzərdən keçirilməsi baxımından faydalı olacaq, sosial elmlər sahəsində gələcəkdə təşkil olunacaq müzakirələrə dəyərli töhfə verəcək.
Bakıda Beynəlxalq Sosial Elmlər Konqresinin açılışı
O qeyd edib ki, Azərbaycan və Türkiyə parlamentlərinin himayəsi altında keçirilən 7-ci Beynəlxalq Sosial Elmlər Konqresi akademik dairələrimizin birgə fəaliyyətinin daha da gücləndirilməsi baxımından çox önəmli tədbirdir:

"Bu cür elmi tədbirlərin keçirilməsi universitetlərimiz, elmi dairələrimiz arasında əməkdaşlığın inkişafı baxımından olduqca zəruridir. Təhsil naziri Emin Əmrullayevin Konqresdə iştirakı bunu bir daha təsdiq edir. Onu da qeyd edim ki, Azərbaycanın ən qabaqcıl təhsil ocaqlarından biri olan ADA Universitetinin zəngin beynəlxalq və elmi təcrübəsi bu tədbirin ən yüksək səviyyədə keçiriləcəyini deməyə əsas verir. 7-ci Beynəlxalq Sosial Elmlər Konqresinin Qarabağa həsr olunması çox mühümdür və təqdirəlayiqdir. Çünki Qarabağ həqiqətlərinin akademik dairələr tərəfindən vurğulanması və elmi ədəbiyyatda əks etdirilərək gələcək nəsillərə ötürülməsi olduqca vacibdir".

Spikerin sözlərinə görə, konqresin bir mühüm tərəfi isə qardaş ölkələrimiz arasında münasibətlərin siyasi, tarixi, sosioloji və mədəni əsaslarının, inkişaf perspektivlərinin nəzərdən keçirilməsi, prosesə töhfə verəcək yeni ideyaların, təşəbbüslərin işlənib hazırlanmasıdır. Konqresin ayrı-ayrı panelləri üzrə seçilmiş mövzular da əslində bu niyyəti və əzmi nümayiş etdirir.
Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Türkiyə Azərbaycan arasında bütün sahələrdə, o cümlədən təhsil sahəsində əməkdaşlıqdan danışıb:

"30 illik işğaldan sonra Qarabağ torpaqları öz sahiblərinə qovuşub. 30 il böyunca davam edən işğalın acı nəticələrinin, Xocalı soyqırımının və digər qətliamların sosial elm adamları tərəfindən dəyərləndirilməsinə ehtiyacımız var. Konqres iştirakçıları işğaldan azad edilmiş ərazilərə səfər edəcəklər. Mən o ərazilərə səfər etmişəm. Orada ermənilər tərəfindən törədilən dağıntılar onların nə qədər mədəniyyət, təbiət düşməni olmasını göstərir. Sosial elm adamları da o ərazilərə səfər edəcək və bütün bunları öz gözləri ilə görəcəklər".

Bakıda Beynəlxalq Sosial Elmlər Konqresinin açılışı
Qeyd edək ki, tədbir 4 iyuna qədər davam edəcək. Konqresin 3 günü Bakıda, 1 günü isə Şuşada keçiriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.