BAKI, 1 iyun — Sputnik. Bu ay "2022-ci il dövlət büdcəsi haqqında" qanuna yenidən baxılacaq.
Bunu "Report"a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib.
"Dünya bazarında neftin 1 barelinin qiyməti 100 ABŞ dollarını keçib. Əlavə vəsaitlər var. Odur ki, büdcəyə yenidən baxılması zərurəti yaranıb", - deyə o qeyd edib.
V.Əhmədovun sözlərinə görə, hazırda Azərbaycanın işğaldan azad edilmiş ərazilərində sürətli bərpa və yenidənqurma işləri həyata keçirilir: "Bu işləri daha da sürətləndirmək üçün əlavə vəsaitə ehtiyac ola bilər. Prezident İlham Əliyev həmin işləri diqqət mərkəzində saxlayır, həmin ərazilərə tez-tez səfər edir. Nazirlərin də əksəriyyəti həmin ərazilərdə iş başındadır".
"Bundan başqa, büdcəyə dəyişikliklər zamanı sosial sahəyə də əlavə vəsaitin ayrılması nəzərdə tutula bilər", - deyə deputat əlavə edib.
Qeyd edək ki, bu il üçün büdcə gəlirləri 26 milyard 816 milyon manat, büdcə xərcləri isə 29 milyard 879 milyon manat məbləğində təsdiq edilib.