BAKI, 1 iyun — Sputnik. ABŞ Rusiya ilə müharibəyə can atmır, əgər NATO qüvvələrinə hücum edilməsə, o zaman Vaşinqton Ukraynadakı hərbi əməliyyata birbaşa müdaxilə etməyəcək. Bunu ABŞ Prezidenti Co Bayden çərşənbə axşamı "The New York Times"da dərc olunan məqaləsində bildirib.
"Biz NATO ilə Rusiya arasında müharibə axtarmırıq. Nə qədər ki, ABŞ və ya onun müttəfiqləri hücuma məruz qalmayacaq, biz nə ABŞ qoşunlarını Ukraynaya döyüşmək üçün göndərməklə, nə də Rusiya hərbi qüvvələrinə hücum etməklə bu münaqişədə birbaşa iştirak etməyəcəyik", - məqalədə qeyd edilib.
Bundan əlavə, Bayden Vaşinqtonun Rusiyada hakimiyyəti dəyişməyə cəhd etməyəcəyini qəti olaraq bildirib. "Mən Putinlə razılaşmasam və onun hərəkətlərini özbaşına hesab etsəm də, ABŞ onun Moskvadakı vəzifəsindən kənarlaşdırılmasına kömək etməyəcək", - ABŞ prezidenti bildirib.
Nüvə silahları haqqında
Bayden deyib ki, Birləşmiş Ştatlar Rusiyanın nüvə silahından istifadə etmək niyyətində olduğuna dair əlamətlər görmür, Vaşinqton Ukraynada onlardan istifadəni qəbuledilməz hesab edəcək.
"Mən bilirəm ki, bütün dünyada bir çox insanlar nüvə silahından istifadə təhlükəsi ilə bağlı narahatdırlar. Hazırda bizdə Rusiyanın Ukraynada nüvə silahından istifadə etmək niyyətində olduğuna dair heç bir fakt yoxdur, baxmayaraq ki, vaxtaşırı nüvə silahından istifadəyə dair təhlükəli və son dərəcə məsuliyyətsiz fikirlər səsləndirilir. Mən açıq şəkildə bildirmək istərdim ki, bu münaqişədə istənilən miqyasda nüvə silahından istifadə bizim və dünyanın qalan hissəsi üçün tamamilə qəbuledilməz olacaq və ciddi nəticələrə səbəb olacaq", - Co Bayden bildirib.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Aleksey Zaitsev bildirmişdi ki, Rusiyanın Ukraynada nüvə silahından istifadə etməsi qeyri-mümkündür, çünki bu, xüsusi hərbi əməliyyatın tapşırıqlarına uyğun gəlmir. Eyni zamanda o vurğulayıb ki, Qərbdən və Ukraynadan hər cür təxribat gözləmək olar.