TƏHSİL

Zəif nəticə göstərmiş IX sinif şagirdlərini məktəbdən kim uzaqlaşdırır? Rəsmi açıqlama

Mehriban Vəliyeva bildirib ki, bəzi valideynlər mütləq şəkildə uşaqlarının ali məktəbə qəbul olması fikrində olurlar.
Sputnik
BAKI, 31 may — Sputnik. Buraxılış imtahanlarında zəif nəticə göstərmiş IX sinif şagirdlərinin məktəbdən uzaqlaşdırılması istiqamətində bəzi direktorların təzyiq göstərməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirilib.
Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva bildirib ki, şagirdin məktəbdən uzaqlaşdırılması üçün heç kəsin təzyiq göstərməyə ixtiyarı yoxdur:
"Şagirdlərin digər siniflərdə təhsil almaq hüququ var. Onlar bu hüquqdan istifadə edərək təhsillərini davam etdirə bilərlər. Şagirdləri məktəbdən kənarlaşdırmaqla bağlı fikirlər varsa, qəti şəkildə bunun qarşını almaq lazımdır. Çünki onların cəmiyyətə daha yararlı şəxsiyyət kimi formalaşmaları üçün əlimizdən gələni etməliyik".
M.Vəliyeva hesab edir ki, sadəcə, bəzən valideynlər seçimi düzgün etmirlər.
"Əgər onlar peşə məktəblərində daha yararlı şəxsiyyət kimi yetişəcəklərsə, bu yolu seçməkdənsə, mütləq şəkildə uşaqlarının ali məktəbə qəbul olması fikrində olurlar. Bu da bəzən problem yaradır. Ona görə də, həm valideyn, həm də şagird düzgün seçim etməlidir. Bu halda istədikləri yerdə uğurlu ola bilərlər", - BŞTİ müdiri deyib.
Qeyd edək ki, bir müddət öncə sosial şəbəkələrdə təhsil eksperti Kamran Əsədov zəif nəticə göstərmiş IX sinif şagirdlərinin məktəb direktorları tərəfindən təhsildən uzaqlaşdırıldığını bildirmişdi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.