İQTİSADİYYAT

Ötən il Azərbaycanda ÜDM həcmi son on ildə ən böyük göstərici olub

Hesablama Palatasının sədri büdcənin icrasına dair qurumun rəyini təqdim edib. Ölkədə iqtisadi aktivlik bərpa olunub.
Sputnik
BAKI, 31 may-Sputnik. Bu gün parlamentdə “Azərbaycanın 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi ətrafında müzakirələr aparılıb.
İclasda Hesablama Palatasının sədri Vüqar Gülməmmədov 2021-ci ilin dövlət büdcəsinin icrasına dair Hesablama Palatasının rəyini təqdim edib. O, qanun layihəsinin və hesabatın mövcud qanunvericiliyin tələblərinə uyğun hazırlandığını bildirib. Büdcənin əsas parametrlərinin doğruluğu ilə bağlı rəydə əks etdirilmiş makroyanaşmaları diqqətə çatdırıb.
Bildirilib ki, rəy icra edilmiş dövlət büdcəsinin gəlirləri və xərcləri, dövlət borcu, büdcə kəsirinin göstəricilərinin əsaslılığı və tamlığını, bu göstəricilərin əsas makroparametrlərə uyğunluğunu özündə əks etdirir. Sənədə ötən ilin debitor borclarının, dövlət satınalmalarının bəzi parametrlərinin səmərəliliyinin qiymətləndirilməsi, müvafiq dövrdə başa çatdırılmış nəzarət tədbirlərinin nəticələri daxil edilib. Bununla yanaşı, dövlət proqramları və tədbirləri, işğaldan azad olunmuş ərazilərdə yenidənqurma və bərpa işlərinin həyata keçirilməsi ilə bağlı ayrılmış dövlət vəsaitlərinin istifadəsinə dair məsələlər diqqətdə saxlanılıb.
Vüqar Gülməmmədov ötən ilin dövlət büdcəsinin icrası ilə bağlı Palatanın apardığı təhlillər barədə geniş məlumat verib. Büdcənin icrası ilə bağlı bir sıra təklifləri səsləndirib. O, Parlament, Hesablama Palatası, büdcə icraçıları arasında daha sıx əlaqələrin olmasının, belə görüşlərin mütəmadi keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Qeyd edək ki, Palatanın rəyinə əsasən, 2021-ci ildə Azərbaycan iqtisadiyyatı üzrə izlənən meyillər qlobal iqtisadiyyatda müşahidə olunan tendensiyalara oxşar olmaqla, aşağıdakı kimi xarakterizə edilə bilər:
- büdcə parametrlərinin icra edildiyi makroiqtisadi mühit əsasən əlverişli olub,
-iqtisadi artım əsasən qeyri-neft sektoru hesabına təmin edilmiş,
-daxili və xarici faktorların təsiri ilə inflyasiya sürətlənib,
-manatın məzənnəsi sabit saxlanıb,
-dövlət büdcəsinin gəlir və xərclərində artım müşahidə edilib,
-əsas kapitala investisiyaların həcmində azalma qeydə alınıb,
-cari hesablar balansında profisit izlənib,
-ölkənin ehtiyat aktivləri artıb.
Hesabat ilində iqtisadi aktivlik bərpa olunub, pandemiya şərtlərinin tədricən yumşaldılması proqnoz göstəricilərinin icra səviyyəsinə əhəmiyyətli təsir edib, ümumi daxili məhsul üzrə kənarlaşmanın əsas səbəbi neftin qiyməti ilə əlaqədar olsa da, iqtisadi artım əsasən qeyri-neft sektorunun hesabına təmin edilib.
Hesabat ilində Azərbaycan iqtisadiyyatında yaradılmış əlavə dəyər 92857,7 mln. manat olub, əvvəlki illə müqayisədə real ifadədə 5,6% artım qeydə alınıb. 2021-ci ildə ümumi daxili məhsulun həcmi son 10 ildə həm müqayisəli, həm də sabit qiymətlərlə ifadədə ən böyük göstərici olub.
2021-ci il üzrə əhəmiyyətli artımın müşahidə olunması aşağı baza effekti ilə, başqa sözlə, əvvəlki ildə məhdudiyyətlər səbəbindən azalmış iqtisadi aktivliyin yenidən bərpası ilə izah oluna bilər.
2021-ci ildə müşahidə edilmiş iqtisadi artımda həm neft, həm də qeyri-neft sektorunun töhfəsi olsa da, artımın əsas hissəsi (90%-i) qeyri-neft sektorunun payına düşüb. ÜDM-in rüblər üzrə təhlili göstərir ki, karantin rejimi ilə əlaqədar məhdudiyyətlərdən qaynaqlanaraq, ilk rüb istisna olmaqla, digər rüblərdə iqtisadi artım müşahidə olunub, 3-cü və 4-cü rüblərdə artım tempi daha da sürətlənib.
Həmçinin neftin qiymətinin ilin sonuna doğru yüksəlməsi də əlavə dəyərin rüblər üzrə bölgüsündə öz əksini tapıb və daha çox əlavə dəyərin sonuncu rübdə yaranmasına təsir göstərib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
SİYASƏT
Milli Məclis ötən ilin büdcəsinin icrasını qənaətbəxş hesab edib