MƏDƏNİYYƏT

Moskvada Azərbaycan filmləri nümayiş olunacaq

Rusiya paytaxtında təşkil olunmuş "Moskino" şəbəkəsi tərəfindən təşkil edilmiş kinoforum bu gün başlayır.
Sputnik
BAKI, 31 may — Sputnik. Mayın 31-də Moskvadakı "Xudojestvennıy" kinoteatrında SSRİ-nin 100 illiyinə həsr edilmiş "Moskvada dostlaşdığım adamı heç vaxt unutmaram" adlı kinoforumun açılışı olub.
"Moskino" şəbəkəsi tərəfindən təşkil edilmiş kinoforum mayın 31-dən dekabrın 11-dək Moskvada keçiriləcək. Forumun açılışında tanınmış rejissorlar, aktyorlar, yazıçılar, mədəniyyət və incəsənət xadimləri iştirak edəcəklər.
Forumda rejissorlar Rza Təhmasib Nikolay Leşşenko tərəfindən 1945-ci ildə ekranlaşdırılmış "Arşın mal alan" və 1981-ci ildə çəkilən rejissor Yuli Qusmanın "Qorxma, mən səninləyəm!" filmi nümayiş olunacaq.
Qeyd edək ki, forum çərçivəsində 15 film nümayiş olunacaq.
Dahi bəstəkar, opera sənətinin banisi Üzeyir Hacıbəyovun "Arşın mal alan"ı bu gün kinosevərlərə təqdim olunacaq.
Xatırladaq ki, 2022-ci ilin 7-15 fevral tarixində Moskvada fəaliyyət göstərən "İllüzion" ("Иллюзион") kinoteatrı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə birgə tamaşaçılara Azərbaycan kinosunun geniş retrospektivini təqdim etmişdi.
Proqramda Azərbaycan kinosunun səssiz filmlərindən başlayaraq müxtəlif dövrlərdə, eləcə də sovet dövrünün son illərində çəkilmiş bir çox filmlər, həmçinin müasir rejissorların beynəlxalq kinofestivallarda uğur qazanmış ekran əsərləri nümayiş olunmuşdu.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.