BAKI, 30 may - Sputnik. Cari ilin mart ayında Rusiyanın ixrac dəmir yolu daşımalarının strukturunda dörd ölkəyə taxta daşınması kəskin artıb: Belarus - 181%, Türkiyə - 163%, Azərbaycan - 37% və Misir - 23%. Bu barədə Rusiyanın meşə uçotu və idarəçiliyi vəzifələrinin kompleks həlli üzrə ixtisaslaşmış "Roslesinforq"un məlumatında deyilir.
Eyni zamanda, əgər əvvəllər Türkiyəyə daşınmaların yarıdan çoxu Sankt-Peterburq və Krasnodar diyarının dəniz limanları vasitəsilə həyata keçirilirdisə, indi sanksiyalarla əlaqədar olaraq, Rusiya ağac daşıyıcıları əhəmiyyətli dərəcədə beynəlxalq taxta tədarükü ilə bağlı yük daşımaları həyata keçirmək üçün diqqətlərini dəmir yolu dəhlizlərinə yönəldiblər. Yük əvvəlcə Bakıya, oradan da Bakı-Tbilisi-Qars dəhlizi ilə Türkiyəyə gedir.
“Demək olar ki, Avropa sərhədlərinin keçilməsi ilə bağlı olmayan bütün istiqamətlərdə taxta-şalban daşınmasına tələbatın artması müşahidə olunur. Məsələn, Rusiya-Çin və Rusiya-Qazaxıstan marşrutları üzrə taxta yüklərin daşınmasında 2 dəfə artım var”, - deyə qurumun açıqlamasında bildirilir.
"Roslesinforq"un məlumatına görə, hazırda xaricə taxta yüklərinin daşınmasının təxminən 65%-i dəmir yolu ilə həyata keçirilir - keçən il 40 milyon tondan çox yük daşınıb.
Ötən ilin nəticələrinə görə, Rusiya taxta və onun emal məhsullarının ixracatçıları daha az istehsal və tədarük həcmi ilə daha çox qazanmağa başladılar - ixrac 17,5 milyard dollar qiymətləndirilir. Ucuz, emal olunmamış və yanacaq odununun tədarükü azalır, bahalı malların həcmi isə əksinə artıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.