RUSİYA

Kosaçev Rusiya ilə Mərkəzi Amerika ölkələri arasında dialoqun vacibliyini qeyd edib

Rusiya Federasiya Şurasının vitse-spikeri Mərkəzi Amerika dövlətlərinin Rusiyanın etibarlı tərəfdaşları olduğunu deyib.
Sputnik
BAKI, 27 may — Sputnik. Rusiya Mərkəzi Amerika ölkələri ilə qarşılıqlı əlaqəni Latın Amerikası istiqamətində xarici siyasət kursunun vacib tərkib hissəsi hesab edir. Bunu Rusiya Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçev Mərkəzi Amerika Parlamenti ilə birgə "Parlamentarilər sülh naminə" seminarı zamanı bildirib.
Tədbir videokonfrans formatında baş tutub. Burada "PARLASEN"ə üzv olan 6 ölkədən 50-dən çox deputat iştirak edib.
Federasiya Şurasının spikeri Valentina Matviyenko və Mərkəzi Amerika Parlamentinin sədri Gilyermo Daniel Orteqa Reyes seminar iştirakçılarına salamlarını göndəriblər.
"Mərkəzi Amerika dövlətləri bizim etibarlı tərəfdaşlarımızdır", - deyə Kosaçev qeyd edib.
O bildirib ki, Rusiya Mərkəzi Amerika ölkələri ilə əməkdaşlığa "Rusiyanın Latın Amerikası istiqamətində xarici siyasət kursunun vacib tərkib hissəsi" kimi nəzərdən keçirir.
"Biz Latın Amerikası regionuna təkcə geosiyasi maraqlar prizmasından baxmırıq və tərəfdaşlarımızı kimlərlə dost olub-olmamalı dilemması qarşısında qoymuruq. Maneələrin yaradılmasının əleyhinəyik, vahid, siyasi və iqtisadi cəhətdən sabit Latın Amerikası üçün körpülərin qurulmasının tərəfdarıyıq", - deyə Kosaçev vurğulayıb.
Senator əmindir ki, Rusiya və Mərkəzi Amerika parlamentarilərinin birgə işi mövqelərin əlaqələndirilməsi üçün əlavə imkanlar açır. Federasiya Şurasının vitse-spikeri "PARLASEN"in faşizmin qəhrəmanlaşdırılmasına qarşı mübarizəyə verdiyi əhəmiyyəti yüksək qiymətləndirib.
Kosaçev kosmik sahədə əməkdaşlığın inkişafını və Avrasiya-Latın Amerikası Parlament Assambleyasının yaradılması təşəbbüsünü alqışlayıb.
Seminarın nəticələrinə əsasən Federasiya Şurası və Mərkəzi Amerika Parlamentinin Birgə Bəyanatı qəbul edilib. Sənəddə Rusiya-Mərkəzi Amerika parlamentlərarası əməkdaşlığının fəal şəkildə formalaşması və dərinləşməsi qeyd olunur.
Xüsusilə qeyd olunub ki, faşizm və irqi ayrı-seçkilik kimi ekstremist ideologiyaların dirçəldilməsi müasir demokratik cəmiyyətlərdə yolverilməzdir. İkinci Dünya Müharibəsi illərində xalqların, xüsusən də Sovet İttifaqı xalqlarının töhfəsini və qurbanlarını bərabərləşdirməyə çalışan ayrı-ayrı qrupların hazırkı siyasi məqsədlərinə nail olmaq naminə tarixlə manipulyasiya etməsinin yolverilməzliyi qeyd edilib.
Bəyanatda həmçinin "BMT beynəlxalq məsələlərdə mərkəzi rol oynamağa, beynəlxalq hüququn fundamental normalarının işlənib hazırlanması və həyata keçirilməsi üçün mərkəz olmağa çağırılır". Tərəflər dünyanın bütün ölkələrinin parlamentarilərini geniş dialoqa və yeni qlobal çağırış və təhdidlərə dinc və sivil cavablar axtarmağa çağırıblar.
RUSİYA
Kosaçev: Rusiya MDB ölkələri ilə daha fəal əməkdaşlıq qurmalıdır