AZƏRBAYCAN XƏBƏRLƏRİ

Bakı Bəyannaməsində Zəngəzur dəhlizinin açılmasına dəstək nümayiş etdirilir - Spiker

Sənəddə 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi qələbənin regionda davamlı sülh və iqtisadi tərəqqiyə yol açacağına inam ifadə olunur.
Sputnik
BAKI, 21 may - Sputnik. Mayın 17-də Milli Məclisdə İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransı olub. Konfransda Parlament Assambleyasına sədrlik Pakistan Milli Assambleyasından Azərbaycan Milli Məclisinə təhvil verilib.
Bu barədə Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bugünkü iclasında məlumat verib.
O bildirib ki, konfransda iştirak edən nümayəndə heyətlərinin rəhbərləri – Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop, Pakistan Milli Assambleyasının sədri Raca Pərviz Əşrəf, Tacikistan Nümayəndələr Palatasının sədri Mahmadtoir Zokirzoda, Özbəkistan Qanunvericilik Palatasının sədri Nurdinjon İsmoilov, İran İslam Şurası Məclisi sədrinin birinci müavini Əli Nikzad, Qazaxıstan Məclisi sədrinin müavini Balaim Kesebayeva, Qırğızıstan Joqorku Keneşi sədrinin müavini Ulan Primov, eləcə də İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Xusrav Noziri postpandemiya dövründə Assambleya üzvü olan ölkələr arasında iqtisadi, ticarət, nəqliyyat, turizm sahələrində qarşılıqlı surətdə faydalı əməkdaşlığı genişləndirməyin zəruri olduğunu söyləyiblər, mövcud problemlərin həlli ilə bağlı parlamentlərin üzərinə düşən vəzifələrdən danışıblar.
Parlament Assambleyasının Üçüncü Ümumi Konfransının yüksək səviyyədə təşkil olunduğu və region ölkələrinin bütün sahələrdə qarşılıqlı surətdə faydalı əməkdaşlığının daha da inkişaf etməsinə öz töhfəsini verəcəyinə əminlik ifadə olunub.
Sədr onu da qeyd edib ki, konfransın yekunu kimi Bakı Bəyannaməsi imzalanıb. Bu sənədin müddəaları təşkilat üzvlərinin bölgədə iqtisadi və sosial inkişafın təmin edilməsində, inteqrasiya və əməkdaşlıq proseslərinin inkişafında parlamentlərin rolunu daha da gücləndirmək əzmində olduqlarını bir daha nümayiş etdirir. Sənəddə 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi qələbə münasibəti ilə Azərbaycan təbrik edilir və bu qələbənin regionda davamlı sülh və iqtisadi tərəqqiyə yol açacağına inam ifadə olunur.
Eyni zamanda, Azərbaycan hökumətinin işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı yenidənqurma və minalardan təmizləmə işlərinin aparılmasında göstərdiyi səylərin dəstəklənməsinə çağırış səsləndirilir.
Bakı Bəyannaməsinin mühüm müddəalarından biri də Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin mühüm hissəsi olacaq və İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin də faydalanacağı yeni regional nəqliyyat infrastrukturu olan Zəngəzur dəhlizinin açılmasına güclü dəstək nümayiş etdirilməsidir.
Sədr diqqətə çatdırıb ki, konfransın iştirakçısı olan parlament nümayəndə heyətlərinin rəhbərləri ilə ikitərəfli görüşlər də keçirilib. Türkiyə, Pakistan, Özbəkistan, Tacikistan, Qırğızıstan, İran və Qazaxıstanın parlament sədrləri və sədr müavinləri, eləcə də İqtisadi Əməkdaşlıq Təşkilatının və Parlament Assambleyasının Baş katibləri ilə aparılan söhbətlərdə İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının fəaliyyətinin gücləndirilməsi və üzv ölkələr arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
SİYASƏT
Əvvəl-axır sərhədlər, nəqliyyat dəhlizləri açılmalıdır - Stanislav Pritçin