BAKI, 26 may — Sputnik. Yaxın zamanlarda Hadrutda televiziya stansiyasının istismara verilməsi planlaşdırılır. Məlumata görə, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov deyib. Onun sözlərinə görə, Qarabağda kommunikasiya xətlərinin tikintisi plana uyğun davam edir. "Artıq IT infrastrukturunun tikintisi üzrə işlərin böyük hissəsi görülüb", - R.Rüstəmov bildirib.
Xatırladaq ki, 2020-ci il tarixindən Şuşa Radio-Televiziya Yayım Stansiyasında (RTYS) radio-televiziya yayımının təşkili müvəqqəti bərpa edilib.
Şuşa RTYS yenidən qurulduqdan sonra Şuşa, Xankəndi şəhərləri, Xocalı, Laçın, Kəlbəcər, Xocavənd, Ağdam, Ağcabədi, Beyləqan, Tərtər, Naftalan rayonları, eləcə də Füzuli, Cəbrayıl, İmişli, Zərdab, Ucar, Ağdaş, Yevlax, Mingəçevir, Goranboy və Göygöl rayonlarının Şuşa şəhəri istiqamətində yerləşən yaşayış məntəqələri radio-televiziya yayımları ilə təmin olunacaq.
Bu məqsədlə stansiyada hər biri 2,4 kVt-lıq 2 dəst rəqəmsal televiziya vericisinin, hər biri 2 kVt-lıq 2 dəst rəqəmsal DAB+ radiovericisinin, hər biri 5 kVt-lıq 3 dəst FM radiovericisinin, 1+1 dəst peyk qəbullu baş stansiya avadanlıqlarının qurulması nəzərdə tutulur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.