BAKI, 26 may — Sputnik. "Brüssel görüşünü çox faydalı və məhsuldar hesab edirik".
Bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
"Brüsseldə hər hansısa sənəd imzalanmasa da, çox yüksək səviyyədə bir sıra məsələlər müzakirə edilib. Bir sıra məsələlərdə mövqelər yaxın olub", - nazir vurğulayıb.
Nazir qeyd edib ki, Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla telefon danışığı əldə olunmuş razılıqların icrasını təmin etməklə bağlı olub.
Onun sözlərinə görə, yeni telefon danışığının tarixi təyin edilməyib, lakin telefon danışığı istisna edilmir.
C.Bayramov söyləyib ki, Azərbaycan postmünaqişə dövründə Ermənistanla münasibətləri normallaşdırma üzrə addımlar atıb: "Azərbaycan bunun üçün sistemli addımlar atır. Ermənistandan konkret addımlar gözləyirik".
Xatırladaq ki, C.Bayramovla A.Mirzoyan arasında sonuncu telefon danışığı aprelin 25-də olub.
Qeyd edək ki, mayın 22-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşü olub.