"Biz də dünya təcrübəsi əsasında belə bir şəbəkə yaratmışıq. Azərbaycan postkonflikt ölkəsi olsa da, dünyada hələ də davam edən münaqişələr mövcuddur. Bizim 44 günlük Vətən müharibəsi dövründə jurnalistlərimizin peşəkarlığı ilə yanaşı, bəzi qeyri-peşəkar davranışlarını da gördük. Konflikt zonasında fəaliyyət göstərən jurnalistin təhlükəsizliyi ilk sırada dayanmalıdır. Amma bəzi həmkarlarımızın arasında özünü bilərəkdən təhlükəyə atanların da olduğunu gördük. Onlar bununla qürur duyurlar, ancaq kodeksə görə onlar həyatlarını təhlükəyə atmamalıdırlar".
"Mən özüm konflikt jurnalistikası sahəsində uzun illər fəaliyyət göstərmişəm. Hələ 90-cı illərdə jurnalistlər münaqişə zonalarında təhlükələrlə üz-üzə qalırdılar. O dövrdə jurnalistlər girov götürülürdü və pul müqabilində azad olunurdu. Bütün təhlükələrə baxmayaraq, bizim üçün əsas informasiyanın əldə olunması idi. Amma bununla belə, münaqişə zonasından verilən informasiyaların lazımlılığı nəzərə alınmalıdır. Bu gün belə şəbəkənin mövcud olması və onun genişləndirilməsi xüsusi önəm kəsb edir".
"Biz istəsək də, istəməsək də ermənilərlə qonşuyuq və bu torpaqlardan heç yerə getməyi düşünmürük. Həyat bir şəkildə davam etməlidir. Hərbçilər, siyasətçilər, iqtisadçılar və digərləri ilə yanaşı, sülhyaratma prosesində jurnalistlərin, medianın da xüsusi rolu var. Biz bu prosesə hazır olmalıyıq. Bu işi pərakəndə şəkildə deyil, sistemli və şəbəkələşmiş formada həyata keçirməkdə fayda var", - Ü.Abdullayeva deyib.