BAKI, 24 may — Sputnik. Mayın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının yaradılması haqqında" sərəncam imzalayıb. Öz növbəsində Ermənistan Baş naziri Nikol Paşinyan da Azərbaycanla sərhədlərin delimitasiyası və təhlükəsizliyi üzrə komissiyanın yaradılması haqqında fərman imzalayıb.
İki ölkə liderinin Brüssel görüşündən sonra atılan addımlarla bağlı Millət vəkili Arzu Nağıyev və politoloq İlyas Hüseynov fikirlərini bölüşüb.
Millət vəkili Arzu Nağıyev bildirib ki, Brüssel görüşündən sonra həm Azərbaycan, həm də Ermənistan tərəfindən komissiyanın yaradılması müsbət hal kimi dəyərləndirməlidir: "Komissiyanın rəhbəri Baş nazirin müavini Şahin Mustafayevdir. O, həm də kommunikasiyaların açılması, dəhlizlərin yaradılması üzrə komissiyanın rəhbəridir. Eyni zamanda güc strukturları, birbaşa bu proseslərlə bağlı qurumlar, işğaldan azad edilmiş ərazilərin rəhbərlərinin daxil edilməsi mühüm əhəmiyyət daşıyır. Ermənistanla həmsərhəd olan rayonların rəhbərlərinin delimitasiya komissiyasında təmsil edilməsi göstərir ki, sərhəddən keçid məntəqələrinin yaradılmasında mütləq onların iştirakı olacaq".
Deputat xatırladıb ki, Ermənistan tərəfinin yaratdığı komissiyanın tərkibində onların kadastr xidməti, xüsusi xidmət orqanları, Müdafiə Nazirliyi və digər qurumlar təmsil olunur:
"Əsas məsələ odur ki, prosesə start verilib. Azərbaycanın təklif etdiyi 5 maddənin biri – məhz bu həyata keçirilir. Bundan sonra sülh müqaviləsinin imzalanması məsələsi gündəmə gələ bilər. Ona görə də düşünürəm ki, Brüssel görüşündə Azərbaycan tərəfinin diplomatik qələbəsi müsbət təzahürünü göstərdi. Bu da artıq ən mühüm işlərin başlanğıcı deməkdir. Artıq bundan sonra digər detalların müzakirəsi gündəmə gələcək".
Millət vəkili Ermənistan Təhlükəsizlik Şurasının katibinin fikirlərini daxili auditoriyaya hesablanmış bəyanat kimi qiymətləndirib. O deyib ki, Avropa Şurası rəhbərliyi yanında verilən söz də göstərir ki, dəhlizin açılması tək Ermənistanın işi deyil: "Ona görə də təkcə Ermənistan TŞ buna qərar verə bilməz. Dəhlizin özü zatən kommunikasiya deməkdir. Bu baxımdan onların dediyi fikirləri ciddiyə almağa ehtiyac yoxdur".
Politoloq İlyas Hüseynov 22 mayda Brüsseldə keçirilmiş görüşün mühüm nəticələrlə yadda qalmasını qeyd edib. Onun sözlərinə görə, artıq bu nəticələrin praktiki icrasını müşahidə edilir: "Komissiyanın fəaliyyətində hökumətin və yerli icra hakimiyyəti orqanlarının birgə fəaliyyəti müşahidə olunacaq. Analoji addım Ermənistanda da atılıb. Proseslərin bu məcrada inkişaf etdiyi bir vaxtda Ermənistan müxalifəti xarici işlər nazirliyinə hücum ediblər. Nəticələrin əldə olunması Ermənistandakı revanşist qüvvələr tərəfindən kəskin etirazla qarşılanır. Bu o deməkdir ki, hələ də Ermənistanda Azərbaycanla münasibətlərin normallaşdırılmasının əleyhinə çıxan qüvvələr mövcuddur".
Politoloq hesab edir ki, bu qüvvələr Ermənistanda siyasi gündəliyə təsir etmək istiqamətində addımlar atmaqdadırlar: "Brüssel görüşüdən sonra Rusiya XİN rəhbəri Sergey Lavrovun Azərbaycan və Ermənistandan olan həmkarları ilə telefon danışıqlarını diqqətə almalıyıq. Hazırda Rusiya tərəfindən atılan addımlar maraq doğurur. Telefon danışıqları da göstərir ki, Rusiya gedən prosesləri nəzarətdə saxlamaqda maraqlıdır".
"Ermənistanda olan neqativ ab-hava sülh prosesi ilə bağlı gündəlikdəki məsələlərə qarşı yönəlib. Əgər aprelin sonunda çağırılmalı olan komissiyalar çağrılmayacaqsa, Ermənistan üzərinə düşən öhdəlikləri yerinə yetirməyəcəksə, Aİ-nin bütün təşəbbüsləri heçə enəcəkdir. Bu qarşıdakı dövrdə keçirilməsi nəzərdə tutulan görüşləri də şübhə altına salacaq. Azərbaycan atdığı addımlarla sülh prosesinə müsbət yanaşdığını göstərir. Əgər görüşlər və danışıqlar nəticə verməyəcəksə, Azərbaycan digər alətlərə nəzər sala bilər" – deyə politoloq vurğulayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.