BAKI, 23 may — Sputnik. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan rusiyalı həmkarı Sergey Lavrovla telefonla Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası məsələsini müzakirə edib.
Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, söhbət zamanı tərəflər 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların müddəalarına toxunublar.
İki ölkənin xarici işlər nazirləri Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiyası və təhlükəsizliyi üzrə komissiyanın formalaşdırılması, iqtisadi əlaqələrin qurulması və regionda kommunikasiyaların açılması məsələlərini müzakirə ediblər.
Mirzoyan dünyada sülh və sabitliyin bərqərar olması, eləcə də Azərbaycanla münasibətlərin normallaşdırılması ilə bağlı Ermənistanın mövqeyini bir daha təkrarlayıb.
Ermənistan və Rusiyanın xarici işlər nazirləri ikitərəfli və çoxtərəfli gündəmdəki məsələlərə, həmçinin iki ölkə arasında müttəfiqlik əlaqələrinin möhkəmləndirilməsi istiqamətində atılan addımlara da toxunublar.
Xatırladaq ki, mayın 22-də Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.