BAKI, 23 may — Sputnik. Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçiriləcək.
Report bildirir ki, toplantıda əfvlə bağlı müraciətlərə baxılacaq.
Əfv Məsələləri Komissiyasının bundan əvvəlki iclaslarında əfvlə bağlı 500-dən artıq müraciətə baxılıb.
Qeyd edək ki, 28 May - Müstəqillik Günü ərəfəsində ölkə başçısı tərəfindən əfv sərəncamı imzalanacağı ehtimal olunur. Sərəncamın nə zaman veriləcəyi və kimlərə aid ediləcəyi hələlik məlum deyil.
Xatırladaq ki, Azərbaycanda sonuncu əfv sərəncamı ötən il martın 18-də imzalanıb. Sərəncama əsasən, azadlıqdan məhrum edilmiş 475 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib, 98 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb. Ümumilikdə, 2003-cü ildən indiyə qədər 35 əfv sərəncamı imzalanıb və bunun nəticəsində 5672 məhkum tam olaraq cəzadan azad edilib və ya qalan hissəsi azaldılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.