BAKI, 23 may — Sputnik. "Bu ilin iyunun 13-də Birləşmiş Millətlər Təşkilatı (BMT) ilə memorandum imzalayacağıq".
Bunu Qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı Direktoru Aygün Əliyeva "Dayanıqlı inkişaf üçün ədalətli, sülhsevər və açıq cəmiyyətləri təşviq etmək" mövzusunda keçirilən ictimai müzakirədə deyib.
O bildirib ki, Agentlik artıq bir ilə yaxındır fəaliyyət göstərir: "Qurum olaraq beynəlxalq təşkilatlarla əməkdaşlıq etmək niyyətindəyik. Biz artıq 6 aydır görüşlər keçiririk. Bu yaxınlarda Qubada regional konfrans oldu, orada QHT-lərlə görüşlər keçirdik. QHT-lərlə bağlı vəziyyət qənaətbəxş deyil".
Müzakirədə çıxış edən Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev isə bildirib ki, Azərbaycanda qeydiyyatdan keçən 4 minə yaxın qeyri-hökumət təşkilatı var.
O qeyd edib ki, onların bəziləri fəaliyyət göstərmir.
"Ancaq əksəriyyəti fəal şəkildə fəaliyyət göstərir", - sektor müdiri vurğulayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.