BAKI, 23 may - Sputnik. Bugünkü reallıqda Azərbaycan futbolunu, futbolçularını yaxşı heç nə gözləmir.
Bu sözləri "Qarabağ" futbol klubunun baş məşqçisi Qurban Qurbanov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) Gənclər və İdman Nazirliyinin “Məşqçilərimizi tanıyaq” layihəsində idman ictimaiyyətinin nümayəndələri ilə görüşdə deyib.
50 yaşlı mütəxəssis çatışmazlıqların və problemlərin çox olduğunu söyləyib:
"Komanda olaraq "Qarabağ" hansısa uğura imza atıb. Amma hamı şikayət edir ki, azərbaycanlı futbolçu yoxdur. İldən-ilə geriyə gedirik. Mən bunu hiss edirəm. Hamımız akademiyaların və aşağı yaş qruplarının düzgün idarə olunmadığını dildə deyirik. Elə "Qarabağ" klubunda da aşağı yaş qrupları süni ot örtüyündə məşq edirlər. Bunları düzəltməsək, bizi heç də yaxşı şeylər gözləmir. Bəzi məsələləri qaydasına salmalıyıq. Çox geridə qalmışıq. Avropa beş addım irəliləyirsə, biz bir addım geri düşürük. Futbolumuzun inkişafı üçün böyük addımlar atmalıyıq və iş prinspini dəyişməliyik. Bu, bütün klublara və milli assosiasiyaya aiddir".
Baş məşqçi futbolçu oğlu haqqında
Qurban Qurbanov onun uğurlarının futbolçu oğlu Musa Qurbanlının qarşısını almadığını deyib.
50 yaşlı mütəxəssis gənc hücumçuya bu mövzuda müxtəlif sualların verildiyini söyləyib:
"Mənə də irad bildirirlər ki, oğlu olduğu üçün az şans verir. Elə böyük futbolçu karyeram olmayıb ki, Musaya maneçilik törətsin. Ona da demişəm ki, məndən daha yaxşı olmağı qarşısına məqsəd qoymalıdır. Bu prinsipi yoxdursa, futbolçu olmağa ehtiyac yoxdur. Hər bir potensiallı insanın yanında yaxşı şəxsiyyət olmalıdır. Gənc yaşda insanın səhvləri həddindənd artıq olur. Azərbaycanlı futbolçularla bağlı ən böyük narahatlığım da budur. Kimsə hansısa futbolçuya çatmaq istəyir. Musa məndən bir az yaxşı olacaqsa, bu, güclü futbolçu üçün bəs etmir. Məndəki xarakterin futbolçularımda olmasını istəyirəm”.
"Sosial şəbəkələrdə səhifəm yoxdur"
Qurbanov ən çox narahat olduğu məqam kimi insanların mobil telefonlara aludəçiliyini vurğulayıb:
“Son vaxtlar hamımızın yaralı yeri mobil telefonlar, sosial şəbəkələrdir. İnsan həyatının 70 faizini bu telefonlar alıb. Mənim bu gün də sosial şəbəkələrdə səhifəm yoxdur. Gənclikdəki prinsiplərimi qoruyub saxlayıram. Amma oğlum da daxil olmaqla, indiki futbolçulara nə vaxt baxırsan, əllərində telefonla gəzirlər. İndiki futbolçuların gərək daim yanında olasan, bazada çox saxlayasan ki, potensialını yaxşılaşdırasan. Telefon bütün cəmiyyətin yaşam tərzinə çevrilir”.
Qurbanov onu da qeyd edib ki, hansı turnirdə iştirak edirlərsə, orada hədəfə maksimum çatmaq istəyirlər.
Mütəxəssis növbəti hədəflərinin UEFA Çempionlar Liqasının qrup mərhələsində iştirak etmək olduğunu bildirib:
"Amma nəzərə almalıyıq ki, rəqiblər də bunu istəyir. Qarşıda bizi qeyri-sabit günlər gözləyir. Bəzi futbolçular milli komandalara gedəcəklər. İlk oyuna hazırlaşmaq üçün az vaxtımız olacaq. Hədəf Çempionlar Liqasının qrupuna düşməkdir. Bunun üçün daha çox güc sərf edəcəyik. Hədəfə çatmaya bilərik, amma döyüşməyə bilmərik".
"Bütün gücümü Azərbaycan futboluna vermək istəyirəm"
"Yenidən yığmada işləyə bilərsinizmi" sualını cavablandıran Qurbanov deyib:
Son vaxlar mənim başıma gələn hadisələr elə qərar verməyimə gətirib çıxartdı ki, sanki "Qarabağ"dan başqa heç yerdə işləmək istəmirəm. Buna dəqiq bir fikir bildirə bilməyəcəyəm. Hazırda "Qarabağ" mənim həyatımın vacib hissəsidir. O qədər bağlanmışam ki, başqa yerə getmək istəmirəm. Amma bizdən asılı olmayan məqamlar var ki, "yox" deyə bilmərik. Bütün gücümü Azərbaycan futboluna vermək istəyirəm. Hər halda Vətənimiz üçün xidmət edirik".
Qurbanov "özünüzdən sonra bu postu kimə etibar edərsiniz" sualına bu cür cavab verib:
"Qarabağ"dan ayrılmaq mənə pis təsir edər. Bu kluba tək baş məşqçi kimi bağlı deyiləm. Komandanın adı Azərbaycanın özəyidir. İstəmərəm ki, başqa əllərdə olsun. Burada ailə və kollektiv formalaşıb. Amma bu yer hamımız üçün əbədi deyil. Komandadan ayrılsam, özümə görə narahat olacağam. Amma əminəm ki, klub etibarlı əllərdə olacaq. Rəhbərliyin komandanı necə qoruyub saxladığını görmüşəm. Onların "Qarabağ"a və Azərbaycana olan sevgisini heç nə ilə əvəz edə bilmərəm. Komandamızın pis vaxtında belə, klub prezidenti bildirib ki, digər sahələrdə çatışmazlıq olsa da, "Qarabağ"da olmamalıdır".
Azərbaycan futbolunda çatışmazlıqlar çoxdur
Baş məşqçi qeyd edib ki, Azərbaycan futbolunda çatışmazlıqlar çoxdur, təkliflərə və bunları dəyərləndirməyə ehtiyac var.
O, bəzi görüşlərdə müxtəlif təşəbbüslərinin olduğunu söyləyib: "Mənim düşüncələrimə görə daha çox inkişaf etməli və böyük uğurlar qazanmalıyıq. Biz klub olaraq daha da inkişaf etməliyik".
Qurbanov futbolda kütləviliyə də ehtiyac olduğunu sözlərinə əlavə edib:
"Bir yerə toplaşıb çatışmazlıqları müzakirə etməliyik. Bir dəfə mənə müraciət etmişdilər ki, yaxşı futbolçu olmaq üçün nə etmək lazımdır. Mən də yarı zarafat, yarı ciddi söylədim ki, Musa kimi qardaşı olmalıdır. İnsanı gücünə və bacarığına inandıran biri mütləq olmalıdır. Mənim üçün ən vacib olan budur. Potensialı düzgün yönləndirmək önəmlidir".
Gənclikdə bəzi səhvlərinin olduğunu vurğulayan məşqçi qeyd edib ki, bəlkə də onları etməsəydi, daha yaxşı olardı.
"Futbolçu olmaq üçün ilk növbədə insanda potensial vacibdir. Oyunçunun istəyi və xarakteri də önəmlidir. Həmişə futbolçulara deyirəm ki, məşq etməkdən qorxmaq lazım deyil və bu idman növünə çox vaxt ayırmaq lazımdır. İdmançının öz peşəsinə sevgisi də mütləqdir. Gənc vaxtlarında daha çox məşq edirdim ki, kimlərdənsə geri qalmayım. Bu qarşıma qoyduğum məqsəd və futbola olan sevgi idi", - deyə Qurban Qurbanov əlavə edib.
Ən unudulmaz oyun
Qurban Qurbanov karyerasının ən unudulmaz oyunu barədə suala da cavab verib:
"Hamının uşaqlıq arzusu "Neftçi"nin əsas komandasına düşmək idi. Sonda mən də buna nail olmuşdum".
Gənc yaşlarında milli komandada çıxış etmək üçün çalışdığını vurğulayan məşqçi qeyd edib ki, belə kiçik uğurlar böyük nailiyyətin təməlini qoyur.
"Bunları əldə edəndə başa düşürdüm ki, daha yaxşılarını bacara bilərəm. Həm futbolçu, həm də məşqçi karyeramda maraqlı anlar olub. Futbolçu olduğum dönəmdə Serbiya və Çernoqoriya ilə matçı da qeyd edə bilərəm. Baş məşqçilik karyeramda Norveçin "Rusenborq" komandası ilə görüş də unudulmazdır. Səfərdə bərabərə qalmışdıq, cavab matçı isə Ağdamın işğal gününə təsadüf edirdi. Elə gün idi ki, bəlkə həyatımı verməyə hazır idim. Həmin qarşılaşma yaddaşımdan silinməyəcək. İnsanların bu qədər sevindiyini görməmişdim. Bu qarşılaşmanı karyeramın ən böyük uğuru hesab edirəm".
İdmanın bütün növlərində bacarıqlı olmaq
"Demək olar ki, bütün idman növlərində aktiv və bacarıqlı olmuşam. Futbol həmişə digərlərindən fərqlənib və buna maraq daha böyük olub. Az da olsa, güləşlə və karate ilə məşğul olmuşam. Amma futbolu yaddan çıxartmırdıq", - Qurbanov deyib.
O, məktəblərdə bütün yarışlarda iştirak etdiyini bildirib:
"Burada daim aktiv idim. 7-ci sinifdə oxuyanda böyüklərlə futbol oynayırdım. Şaban Şirdanov məni orada görüb bəyəndi və "Daşqın" komandasına dəvət etdi. Həmin vaxt böyük qardaşım Musa Qurbanlı əsgərlikdən gəlmişdi. Mənə dedi ki, səni futbolçu edəcəyəm. Daha sonra komandanın əsas oyunçularından biri oldum. İlk rəsmi matçımda müdafiənin solunda çıxış edirdim. Qardaşım və məşqçim məndən daha çox şeyləri tələb edirdi. Mən də daha çox məşq keçmək istəyirdim".
Qurbanov futbola gəlişinin gözlənilməz olduğunu diqqətə çatdırıb:
"Valideynlər daha çox təhsilə diqqət yetirməyimi istəyirdi. 8-ci sinifədək əlaçı olmuşam. Futbolda digərlərindən üstün olmağa çalışırdım. Təəssüf ki, indiki savad o vaxt yox idi. Məndə yavaş-yavaş futbolçu fəlsəfəsi formalaşdı".
"Düşünmürdüm ki, futbolçu, sonra məşqçi olacağam. Barselonada olanda eyniadlı klubun futbol fəlsəfəsi ilə maraqlandım. Pep Qvardioladan gördüklərimi “Qarabağ”da yeritməyə çalışdım. Pis də alınmır. Topa daha çox sahib olmaq istəyirik", - deyə "Qarabağ"ın baş məşqçisi əlavə edib.(Report)
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.