BAKI, 20 may — Sputnik. Ermənistanda yaxın vaxtlarda Silahlı Qüvvələrdə döyüş qabiliyyətinin, eləcə də hərbi xidmətin cəlbediciliyinin artırılmasına yönəlmiş genişmiqyaslı islahatlar gözlənilir. Bunu Ermənistan müdafiə naziri Suren Papikyan deyib.
Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Papikyan 3-cü Ordu Korpusunun bir neçə hərbi hissəsində olub.
Müdafiə naziri komandirlərlə ordunun müasirləşdirilməsi məsələlərini müzakirə edib. Onun sözlərinə görə, hərbi-siyasi rəhbərlik xidmət şəraitinin yaxşılaşdırılması və döyüş hazırlığının yüksəldilməsi üçün hər cür səy göstərəcək.
Papikyan qeyd edib ki, islahatlar çərçivəsində təlim prosesinin daha da təkmilləşdirilməsi nəzərdə tutulur. Hərbi qulluqçuların mənzillə təmin olunması məsələsinə də xüsusi diqqət yetiriləcək.
Bu kontekstdə Papikyan mənzil proqramı hazırlandığını vurğulayıb.
Nazir xidmət şəraiti, döyüş və idman hazırlığı prosesi ilə yerində tanış olub, dağ təlim mərkəzinə baş çəkib.
Xatırladaq ki, Suren Papikyan ötən ilin noyabrında Ermənistanın yeni müdafiə naziri təyin olunub.
S.Papikyan 1986-cı ildə aprelin 26-da Ermənistanın Stepanavan şəhərində anadan olub. Yerevan Dövlət Universitetinin Tarix fakültəsini bitirib. 2012-2016-cı illərdə Sankt-Peterburq Dövlət Universitetinin aspiranturasında oxuyub. 2018-ci ildə ərazi idarəetmə və inkişaf naziri işləyib. 2021-ci il avqustun 2-də Baş nazirin müavini təyin olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.