BAKI, 19 may — Sputnik. Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası üzrə komissiyanın görüşü yaxın gələcəkdə baş tuta bilər. Bu barədə Ermənistan XİN başçısı Ararat Mirzoyan bildirib.
Onun sözlərinə görə, tərəflərin razılaşdırılmalı olduğu bəzi texniki məqamlar mövcuddur.
"Ümid edirəm ki, yaxın günlər və ya həftələrdə görüş nəhayət baş tutacaq", - deyə Mirzoyan qeyd edib.
Daha öncə prezident İlham Əliyev bildirmişdi ki, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşəbbüsü ilə aprelin 6-da Brüsseldə keçirilmiş görüş zamanı aprelin sonuna qədər hər iki tərəfin işçi qrupu yaratması və fəaliyyətə başlaması razılaşdırılıb. Azərbaycan işçi qrupunu vaxtında yaradıb və nümayəndə heyətini ezam etməyə hazır olub. Bu, erməni tərəfi ilə də razılaşdırılıb. Sərhədlə bağlı ilk görüşün keçirilməsini də təklif edən Ermənistanın Xarici İşlər Nazirliyi olub.
"Azərbaycan həmin təklifi qəbul edib və biz nümayəndə heyətini göndərməyə hazır idik. Lakin sonuncu gün - aprelin 29-da Ermənistan artıq razılaşdırılmış görüşü ləğv etdi. Bu, çox məyusedici məsələdir. Daha məyusedici isə yenə də Ermənistanın 7-11 may tarixlərində sərhəddə yeni görüşün keçirilməsi təklifimizdən imtina etməsi oldu. Beləliklə, indiyədək, biz Ermənistandan hər hansı yeni tarixləri gözləyirik ki, işə başlayaq. Çünki bu cür məsuliyyətsiz mövqe narahatlıq doğurur", - İlham Əliyev qeyd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.