BAKI, 18 may — Sputnik. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində növbəti "açıq qapı" günü keçirəcək.
Dövlət Komitəsindən bildirilib ki, ailədaxili münasibətlər, valideyn və uşaqlar arasında ünsiyyət, uşaqlarda davranış problemləri və digər məsələlərlə bağlı müraciətlərin qəbul olunması nəzərdə tutulan "açıq qapı" may 24-də saat 10:00-dan 17:00-dək AQUPDK-nın Uşaq və Ailələrə Dəstək mərkəzlərində, İcma Resurs mərkəzlərində və Qadın Resurs mərkəzlərində təşkil olunacaq.
Xatırladaq ki, 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.
Dünyada bu günün qeyd olunması 1950-ci ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası tərəfindən qərara alınıb. Həmin gün təşkil olunan "Qadınların Beynəlxalq Konfransı"nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib.
Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir. BMT-də uşaq hüquqlarına dair konvensiya qəbul edilib, Azərbaycan müstəqillik qazandıqdan sonra bu konvensiyaya qoşulub. Bütün demokratik dövlətlərdə olduğu kimi, Azərbaycanda da uşaq hüquqlarının qorunmasına xüsusi əhəmiyyət verilir.
Ölkəmizdə uşaqların sağlam, hərtərəfli, Vətənə layiqli övladlar kimi böyümələri üçün hər cür şərait yaradılıb. Uşaqlar bizim gələcəyimizdir və ölkənin gələcəyi onların əlindədir.
Prezident İlham Əliyev uşaqların sağlam və firavan böyüməsini, onların rifahının yüksəldilməsini dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyən edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.