BAKI, 17 may — Sputnik. Ötən gecə "Sputnik Azərbaycan"-ın keçmiş əməkdaşı jurnalist İradə Cəlilin ölüm xəbəri yayılıb. Ölkənin aparıcı və məşhur media subyektləri bu xəbəri dərc edib. Sonradan həmin xəbər təkzib olunub. Adətən bu xəbərlər məşhurlarla bağlı yayılır. Vaxtaşırı hansısa məşhurun ölüm xəbərini yayırlar, sonra da təkzib olduğunu qeyd edirlər. Bu nə dərəcədə doğrudur?
"Jurnalistikanın inkişafına yardım" fondunun sədri, "Əməkdar jurnalist" Qulu Məhərrəmli bu tipli xəbərlərin yayılmasını qeyri-peşəkarlıq hesab edir:
"Özünü peşəkar hesab edən media qurumlarının sağ insanların ölüm xəbərini yayması ilk dəfə deyil. Əvvəllər belə hallar daha çox olardı. İndi biraz məsuliyyət artıb. Bunun səbəbi qeyri-peşəkarlıq, süni şəkildə sensasiya yaratmaq, reytinq qazanmaqdır. Bu tipli xəbərlə İP qazanmaq dəfələrlə sınanmış çox pis metodlardır".
Media eksperti bu tipli xəbərlərin yayılmasını həmin media qurumunun qeyri-peşəkarlığı ilə əlaqələndirir:
"Pis tərəfi də odur ki, sosial şəbəkədə kimsə yanlış xəbər verir, bütün saytlar da bir-birindən "copy-paste" edirlər. Bu tipli xəbərlər sosial mediyada yayılsa belə peşəkar media baş vermiş hadisəni araşdırmadan, mənbələrə istinad etmədən xəbəri verməməlidir".
Yayılan yanlış xəbərə görə, həmin mətbu orqan və xəbəri yayan şəxslər istintaqa cəlb oluna bilərmi? Daxili İşlər Nazirliyi (DİN) mətbuat xidmətinin şöbə müdiri, polis mayoru Elşad Hacıyev bildirir ki, yanlış xəbəri yayılan şəxs özü şikayət etdiyi təqdirdə həmin media qurumları məsuliyyətə cəlb oluna bilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.