HƏRBİ

Hərbi aviatorlarımız Türkiyədə keçiriləcək təlimə qatılacaqlar

Azərbaycan Respublikasının Hərbi Hava Qüvvələri 1992-ci ildə yaradılıb. Hərbi pilotlarımız, əsasən Ali Hərbi Təyyarəçilik Məktəbində hazırlanır, Türkiyə, ABŞ və digər ölkələrin müvafiq kurslarında iştirak edirlər.
Sputnik
BAKI, 15 may - Sputnik. Azərbaycan Hərbi Hava Qüvvələrinin hərbi qulluqçuları “Anatolian Phoenix-2022” beynəlxalq axtarış-xilasetmə təlimində iştirak etmək üçün Türkiyə Respublikasının Konya şəhərinə gediblər.
Mayın 16-dan 27-dək davam edəcək təlimə Azərbaycan HHQ-nin aviasiya vasitələri də cəlb olunub.
Qeyd edək ki, Azərbaycan Respublikasında 1992-ci ildən Azərbaycanda Hərbi Hava Qüvvələri ilə (HHQ ilə) bağlı islahatlar dövrü başlanıb. Həmin il bu qurumun strukturu milliləşdirilib. General-mayor Rail Rzayev HHQ-nin komandanı təyin edilib.
Bir qədər sonra Hərbi Hava Qüvvələri Hava Hücumundan Müdafiə Qoşunları ilə birləşdirilib. General-leytenant rütbəsi alan Rail Rzayev Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının (HHQ və HHMQ) komandanı kimi fəaliyyətini davam etdirib.
Atəşkəs müqaviləsi imzalandıqdan sonra Azərbaycanda başlanan hərbi islahatlar prosesinin özəyini məhz HHQ və HHMQ təşkil edib. Səbəb aydındır – işğal altında olan Azərbaycan əraziləri yüksək relyefə malikdir və bu əraziləri işğaldan qurtarmaq işində qırıcıların, hərbi təyyarələrin və hava hədəflərini vuracaq texnikaların əvəzi yoxdur. 1997-ci ildə Azərbaycanın Ali Hərbi Təyyarəçilik Məktəbi ilk milli hərbi təyyarəçilərimizin buraxılışına başlayıb.
Hazırda Azərbaycan HHQ-nin pilotları MDB məkanında ən çox uçuş keçirmiş pilotlar sayılır. Pilotlarımız, əsasən, Ali Hərbi Təyyarəçilik Məktəbində hazırlanır, Türkiyə, Ukrayna, ABŞ və digər ölkələrin müvafiq ixtisasartırma kurslarında və təlimlərdə iştirak edirlər. 1992-ci ilin sentyabrında verilən fərmana əsasən 14 fevral – Azərbaycan Hərbi Hava Qüvvələri Günü kimi qeyd olunur.
Azərbaycanın ilk hərbi pilotu Fərrux ağa Qayıbov olub. O, Birinci Dünya Müharibəsində almanlara qarşı keçirilən hava əməliyyatlarında fəal iştirak edib və indiki Belarus ərazisində gedən döyüşlərdən birində həlak olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
HƏRBİ
14 Fevral – Azərbaycan Hərbi Hava Qüvvələri Günüdür