BAKI, 12 may — Sputnik. Bu il Azərbaycandan Həcc ziyarətinə gedən şəxslərdən COVID-19 pasportu tələb olunacaq.
Qafqaz Müsəlmanları İdarəsindən bildirilib ki, bu il Azərbaycan vətəndaşı olan istənilən şəxs Həcc ziyarətinə gedə bilər. Cari ildə əcnəbi ölkə vətəndaşları isə Azərbaycandan ziyarətə gedə bilməyəcəklər: "Əvvəlki illərdə xarici vətəndaşların Azərbaycandan ziyarətə yollanması mümkün idi".
QMİ-nin məlumatında bildirilib ki, səfərə gedən zəvvarlar COVID-19-a qarşı ən azı iki doza peyvənd olunmalıdırlar və peyvənd sertifikatının bitmə vaxtı altı ay olmalıdır: "Məsələn, COVID-19 pasportunun bitmə müddətinə dörd, beş ay qalırsa, o, bu zaman həmin şəxs Həcc ziyarətinə gedə bilməyəcək".
Digər qadağa isə yaş məhdudiyyəti ilə bağlıdır. Belə ki, QMİ-dən verilən məlumatda bildirilib ki, yaşı 65-dək olanlar Həcc ziyarətinə gedə biləcəklər. Buna səbəb kimi yaşlı adamların koronavirus infeksiyasına daha tez yoluxmaları əsas gətirilib.
Azərbaycana ayrılan kvota və qiymətlər yaxın günlərdə məlum olacaq.
Qeyd edək ki, 2020-2021-ci illərdə Azərbaycandan pandemiya ilə əlaqədar Həcc ziyarətinə gedən olmayıb. 2019-cu ildə Həcc ziyarətinin qiyməti 4 285 ABŞ dolları təşkil edib. Qiymətə təyyarə biletləri, hotel xərcləri, gündəlik yemək, nəqliyyat, Ərəfat və Minada qurulan çadırların pulları daxil idi (oxu.az).
Qeyd edək ki, bir neçə gün əvvəl 65 yaşdan yuxarı şəxslərin Həcc ziyarətinə getməsi qadağan olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.