AZƏRBAYCAN XƏBƏRLƏRİ

Günəş Elektrik Stansiyasının inşası üçün kreditin ayrılması təsdiqlənib

AYİB-in sözügedən krediti ayrılan layihənin icrası ölkənin istilik enerjisi istehsalına olan yüksək asılılığını azaldaraq, aşağı karbonlu keçidə kömək edəcək.
Sputnik
BAKI, 12 may — Sputnik. Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Direktorlar Şurası Qaradağ Günəş Elektrik Stansiyasının inkişafı, tikintisi və istismarı üçün 51 milyon ABŞ dollarına qədər uzunmüddətli krediti təsdiqləyib.
Layihənin ümumi dəyəri 250 milyon ABŞ dolları təşkil edir. "Repot"un xəbərinə görə, EBRD ilə yanaşı, bir sıra digər beynəlxalq maliyyə institutlarının da layihəyə dəstək verməsi gözlənilir.
Qaradağ GES-in tikintisi layihəsini "Abu Dhabi Future Energy Company" (Masdar) icra edir. Layihə Azərbaycanın enerji sisteminə 230 MVt günəş enerjisi istehsal gücü əlavə edəcək və təxminən 110000 evi enerji ilə təmin edəcək.
Bildirilir ki, kredit, layihənin həyata keçirilməsi məqsədi ilə yaradılmış "Masdar Azerbaijan Energy" MMC-yə ayrılıb.
Bu layihə, Azərbaycanın təbii qaza əsaslanan elektrik stansiyalarını əvəz etməyə kömək edəcək və Paris Sazişi üzrə öhdəliklərinə uyğun olaraq müəyyən edilmiş bərpa olunan enerji hədəflərinə çatmağa kömək edəcək.
Layihə həmçinin, illik təxmini "CO2" emissiyasını 200 min tona qədər azaldaraq, güclü ekoloji fayda təmin edəcək.
Bu, ölkənin istilik enerjisi istehsalına olan yüksək asılılığını azaldaraq, aşağı karbonlu keçiddə kömək edəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
İNFOQRAFİKA
Qaradağ günəş elektrik stansiyası