BAKI, 12 may — Sputnik. Bakıda Dənizkənarı Milli Park ərazisində ilanlar peyda olub. Xəzər dənizinin sahilində, qayalıqlar olan ərazidə bir neçə ilan görüntülənib. Həmin görüntülər paytaxt sakinləri tərəfindən lentə alınıb.
Sputnik Azərbaycan-a bu barədə açıqlama verən Zoologiya İnstitunun aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Təvəkkül İsgəndərov bildirib ki, bulvarda görünən su ilanlarıdır:
"Su ilanları dəniz sahilində, daşlıq yerlərdə yaşayır. Xəzərin harasında sahil daşlıdırsa, bu ilanların orada görünməsi təbiidir. İndi isə ilanların cütləşmə dövrüdür. Onlar sahilə qızınmağa, cütləşməyə çıxırlar. Belə hallarda onlar insanların çoxluğuna məhəl qoymurlar. Bulvarda da su ilanlarına sahildə rast gəlinməsi məhz bununla bağlıdır. Bu, təbii prosesdir. Onları kimsə gətirib sahilə buraxmayıb".
T.İsgəndərov bildirib ki, bu ilanlar zəhərsizdir, onların insanlar üçün heç bir təhlükəsi yoxdur. T.İsgəndərov qeyd edib ki, su ilanlarının ağzında boğaza doğru bir cüt yem dişləri var. Yem dişlərini yediyi heyvana sancır ki, həmin heyvan keyisin. Amma bu ilanlar insanları sancmır.
Xatırladaq ki, buna bənzər hadisələr əvvəlki illərdə də bulvarda qeydə alınıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.