YAZARLAR

Yazıçılar Birliyini tənqid edənlər tənqid etdikləri adamlara bənzəməyə başlayıb...

Ədəbiyyata, kitaba həm də biznes kimi baxmağın, yanaşmağın tərəfdarıyam. Söhbət alverçi kimi yox, biznes kimi baxmaqdan gedir.
Sputnik
BAKI, 11 may — Sputnik. Ölkənin ədəbi mühitdə, ədəbiyyat aləmində demək olar ki, heç nə baş vermir. Hərdən baş verən hadisələr də gündəmi dəyişmək, müzakirələri qızışdırmaq gücündə olmur. Ötənlərdə gənclərin fürsət tapanda tənqid etdiyi, “ciddi ədəbiyyat” yaratmadığını iddia etdikləri ölkəmiqyaslı bestsellerlər müəllifi Varisin və bir vaxtlar metrolarda reklam posteri vurulan, yaradıcılığından bixəbər olduğum motivator-yazıçının təşkilatçılıqları ilə ədəbiyyat müsabiqə-festivalı baş tutmuşdu. Yaradıcılığını bəyənmədikləri Varisin bir qrup tənqdiçisini də avtobusa doldurub aparmışdılar bu müsabiqə-festivalın keçirildiyi sanatoriyaya. O məkanda nə baş verdi bilmirəm, amma festivaldan sonra gənclər bir-birini tənqid etməyə, qınamağa başladı.
Müzakirələr, alayarımçıq polemika, qarşılıqlı ittihamlar, yazılan yazılar da Varis bəyin təşkil etdiyi müsabiqə-festivalın, dolayısıyla da tədbirin keçirildiyi sanatoriyanın PR-na, reklamına öz töhfəsini verdi. Vermədisə də, verəcək. Çünki o qədər ziyalının gecələdiyi, beynəlxalq festivalın keçirildiyi məkan hökmən diqqət çəkməlidir. Halbuki müsabiqələrdə məqsəd ədəbiyyata diqqət çəkmək olmalıdır.
Festivalı şüarında iddia edilirdi ki, sonda ədəbiyyat qalib gələcək. Ancaq mətbuatda yazılanlardan, sosial şəbəkələrdəki müzakirələrdən belə başa düşdüm ki, bu festivalın qalibi heç kəsi maraqlandırmır. Çünki, münsiflərin əksəriyyəti festivala qatılan gənc ədibləri tanımırmış.
Bəziləri hay-küy saldı ki, bəs bu tədbir heç də beynəlxalq festival deyilmiş, dünyada bu adda festival yoxmuş və s. Açığı mən də dəqiq bilmirəm, imanımı yandıra bilmərəm – bu festival sanotoriyanın reklamı idi, yoxsa ədəbiyyat müsabiqəsi?
Hər halda illərdir bu ölkədə normal bir ədəbiyyat müsabiqəsinin keçirilməsi üçün özümüzü oda-közə vurur, bu işi təşkil edə biləcək hər kəsə təkliflər göndəririk. Təəssüf ki, arzularımız ürəyimizdə qalır. Varisin bu təşəbbüsünü alqışlayıram. Nəticəsi nə olursa olsun, ədəbiyyat adına görülən hər bir işə ürəkdən sevinirəm. Bir az gənc dostlarıma görə üzülürəm, vəssalam.
Ümid edirəm ki, təşkilatçılar arzuladıqları nəticəni əldə edə bildilər. Hər halda ədəbiyyata, kitaba həm də biznes kimi baxmağın, yanaşmağın tərəfdarıyam. Rica edirəm, yanlış anlaşılmasın, alverçi kimi baxmağın yox, biznes kimi baxmaqdan danışıram. İncə fərqi diqqətli oxucu fəhm edəcəkdir.
Çap maşını, arxiv şəkli
***
Bu festival söz-söhbətləri gənclərin və bir neçə orta yaşlı yazıçının Azərbaycan Yazıçılar Birliyinə (AYB) üzv olması məsələsini bir balaca unutdurdu. Ancaq mən unutmamışam. Çünki, hazırda AYB-də prezidentin xüsusi təqaüdü ilə bağlı siyahılar sahmana salınır, növbəti qurultaya hazırlıq gedir. Artıq illərdi bu məsələ barədə yazdığımız yazılar cavabsız qalır. Prezidentin xüsusi təqaüdünü alan yazıçı və şairlərin, rəssam və bəstəkarların siyahısı ictimaiyyətə açıqlanmır.
Bu “sirli siyahı” barədə dəfələrlə yazmışam, polemikalarda iştirak etmişəm, AYB-nin əbədi sədri, xalq yazıçısı Anardan tutmuş, müxtəlif qələm adamlarına qədər mənə cavab verib, atmaca atıb, hətta fürsət tapıb danlayıb. “Gəl sən də AYB-yə üzv ol, təqaüd al” təklifini dəfələrlə müxtəlif formada, müxtəlif tonlarda və çalarlarda eşitmişəm. Təəssüf ki, mənim sevimli həmkarlarım bir məsələni unudur ki, mənim məqsədim təqaüd almaq deyil. Mən bu prosesin şəffaf olmasından başqa heç nə istəmirəm.
***
İllərdir nə müzakirələr, nə tənqidlər nəticə verib. On beş ildir proses ənənəvi şəkildə, öz qaydasında gedir. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Yazıçılar Birliyi üzvlərinin yaradıcılıq şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında" 2007-ci il 12 mart tarixli 2023 nömrəli sərəncamına əsasən artıq 12-ci ildir ki, bir il müddətində 50 nəfər yaşlı yazıçıya 300, 20 nəfər gənc yazıçıya isə 200 manat həcmində xüsusi təqaüd verilir. Prezidentin eyni gündə imzaladığı 2024 və 2025 nömrəli sərəncamlarla Rəssamlar və Bəstəkarlar İttifaqlarının üzvləri də təqaüd alır. Və 15 ildir dövlət büdcəsindən xüsusi təqaüd alanlar sirri-xudadır. Bu məsələni də çox uzatmaq istəmirəm. Sadəcə hər il yazıb xatırladıram ki, bütün bunlar tarixdə qalsın. Yoxsa nə AYB üzvlüyü, nə də təqaüd saxtakarlığı artıq məni narahat edir.
***
Məlum “sirli siyahıya” düşmək və digər ədəbiyyatla yaxından-uzaqdan əlaqəsi olmayan məqsədlərlə AYB-yə üzv olanları da artıq qınamıram. Proses o qədər uzandı ki, bəziləri üçün tənqidçiliyin, imtinanın mənası qalmadı. AYB-ni tənqid edənlər yaşlandı, tənqid etdikləri adamlara bənzəməyə başladı. Yarı yolda yorulub təslim olanlar, peşman olub tövbə edənlər də oldu. Artıq AYB-ni tənqid etməyin də heç bir mənası qalmayıb. Çünki, 10-15 il əvvəl gənclər ədəbiyyata əllərində “üsyan bayrağı” ilə gəlir, bir neçə xırda cəhddən sonra sakitləşib, təslim olurdu. Hərəni bir cür sıradan çıxarırdılar. İndi hər şey daha sadədir, gənclər “gözləri tökülmüş qardaşlarına” baxır, əksəriyyəti mübarizəni və imtinanı mənasız hesab edir. AYB-də alternativsiz, rəqibsiz, tənqidsiz dövrünü yaşayır.
***
Mən imtinanın müqəddəsliyinə inanıram. Lakin gəncləri də qınamıram, çünki proses çox uzandı, imtinalar, etirazlar, üsyanlar adiləşdi. Təslim olmayanları alqışlayır, mənim kimi “dəli” olanları da anlamağa çalışıram. Hər halda, xatırlatmaqda fayda var, imtina, etiraz vacibdir. Gəncliyin ruhunda, ürəyində olması vacib olan keyfiyyətlərdir. Bəri başdan təslim olmaq isə sadəcə təəssüf doğurur.
Artıq əminəm ki, AYB-nin digər “maliyyə maxinasiyaları” kimi xüsusi təqaüd alanların siyahısı da heç zaman cəmiyyətə açıqlanmayacaq. Görünür dövlət də bu gedişatdan razıdır. Bizə, məqamı gələndə bu məsələni xatırlatmaq düşər... Ən azından etirazı tamamilə yatıra bilmədiklərini, “partizanların” varlığını hiss etməkləri üçün...
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.