BAKI, 10 may — Sputnik. Qazax rayonunun yeddi kəndinin və Kərkinin qaytarılması delimitasiya prosesinin tələblərinə uyğun olaraq həyata keçiriləcək. Bu barədə jurnalistlərə xarici işlər nazirinin müavini Xələf Xələfov məlumat verib.
"Bu ərazilərin Azərbaycana qaytarılması ilə bağlı məsələ davam edən danışıqlar nəticəsində öz həllini tapacaq", - Xələf Xələfov bildirib.
Xələfov onu da əlavə edib ki, sülh danışıqları Azərbaycanın 5 maddəlik təklifi əsasında aparılmalıdır.
Xatırladaq ki, daha əvvəl Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Bakı və Yerevanın öz ərazilərində mövcud anklavlarla bağlı məsələni müzakirə etmədiyini deyib.
X.Xələfov bu gün Ermənistanda baş verənlərin bu ölkənin daxili işi olduğunu bildirib:
"Görünən odur ki, Ermənistanın indiki hakimiyyəti Azərbaycanla münasibətlərin normallaşma prosesinin davam etdirilməsindən imtina etməyib. Bu proses davam edir", - deyə Xələf Xələfov vurğulayıb. (APA)
Qeyd edək ki, aprelin 6-da Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Belçikanın paytaxtı Brüsseldə keçirilən üçtərəfli görüşdə tərəflər xarici işlər nazirlərinin gələcək sülh müqaviləsinin hazırlanması üzərində çalışacaqları barədə razılığa gəliblər.
Xatırladaq ki, Azərbaycan və Ermənistan arasında davam edən sülh danışıqları prosesində rəsmi Bakı Yerevana beş təklif verib. Eyni zamanda Ermənistan Təhlükəsizlik Şurasının Katibi Armen Qriqoryan ötən həftə verdiyi açıqlamada rəsmi Yerevanın da Bakıya sülh danışıqları prosesində 6 təklif verdiyini bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.