BAKI, 10 may — Sputnik. Şamaxı rayonuna yağan güclü leysan yağışları və dolu bir sıra fəsadlar törədib. Dağlardan gələn sel nəticəsində Ağsu çayında suyun səviyyəsi artaraq öz məcarsından çıxıb. Nəticədə rayonun dağ kəndləri ilə əlaqə kəsilib.
Şamaxının Qəleybuğurd, Sis, Keçmədin, Qala dərəsi yaşayış məntəqələrində bir sıra fəsadlar ortaya çıxıb. Qəlbeyuğurd və Sis kəndlərinin ərazisindən keçən Ağsu çayında suyun səviyyəsi qalxaraq avtomobil yolunu bağlayıb.
Nəticədə bir neçə sürücü yolda qalıb. Rayonla kəndlərin əlaqəsi tamam kəsilib. Yerli sakinlərin sözlərinə görə suyun çoxluğu səbəbindən bir çoxları ötən gün avtomobildə gecələməli olublar.
Rayon mərkəzi ilə kəndlərin əlaqəsini bərpa etmək üçün əraziyə canlı qüvvə və texnikalar cəlb olunub.
Sel suları kəndlərin ərazisindəki elektirik dirəklərini aşırıb, qaz borularını yerindən qoparıb. Bəzi kənd sakinlərinə məxsus təsərufatlara ciddi ziyan dəyib. Hazırdada Şamaxı rayonunda yağmurlu hava davam edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.