Ötən ay, ölkə prezidentinin fərmanı ilə, ölkəmizdə kinematoqrafiya sahəsində dövlət siyasətinin həyata keçirilməsinin təkmilləşdirilməsi, kinematoqrafiyamızın beynəlxalq rəqabətə davamlılığının təmin edilməsi, yerli istehsal və yayım infrastrukturunun müasirləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində "Azərbaycan Respublikasının Kino Agentliyi" yaradıldı.
***
Hələ Mədəniyyət Nazirliyində ilk islahatlar dalğası başlayandan, bu qurumun yaradılması ilə bağlı müzakirələr getsə də, proses ləngiyirdi. Təəssüf ki, bütün sahələrdə islahatlar axarına düşsə də, nədənsə kinematoqrafiya sahəsində islahatlar eksperiment səviyyəsində baş tutur. Kimlərsə, hansısa qurumlara təyin olunur, həvəslə işə girişir, ümidverici açıqlamalar verir, sonra da həmin postdan səssiz-səmirsiz uzaqlaşır və məlum olur ki, bu kadr seçimi uğurlu deyilmiş.
Nazirlik kinoyla bağlı müsabiqə keçirir, nəticələr o qədər biyabırçı olur ki, islahatlardan əvvəlki komandanın gördüyü işlərə, həyata keçirdiyi müsabiqələrə şükür edirsən. Filmlər çəkilir, ancaq nümayiş olunmur. Nazirliyin böyük şövqlə pul ayırdığı filmlər gözləntiləri doğrultmur. Xülasə, Mədəniyyət Nazirliyi islahatlar üçün cəhdlər edir, təəssüf ki, çox vaxt uğurlu nəticə əldə edə bilmir. Yeri gəlmişkən, ötən il, Mədəniyyət Nazirliyinin həyata keçirdiyi əksər layihələrdə uğursuz məqamlar olub. Bu barədə növbəti yazımda daha geniş və ətraflı fikir bildirməyi düşünürəm.
***
İstənilən halda Azərbaycan Respublikasının Kino Agentliyinin yaradılması ciddi addımdır. Ümid edirəm ki, Agentliyin strukturunun formalaşması da şəffaf və ədalətli şəkildə baş tutacaq. Eyni zamanda formalaşacaq komandada gənc və perispektivli kino adamları kənarda qalmayacaq. Çünki prosesin sürətli və beynəlxalq standartlara uyğun irliləməsi, dolayısıyla kinomuzun inkişafı düzgün kadr seçimlərindən asılıdır.
Dövlətin bu sahənin inkişafında maraqlı olmasına şübhəmiz yoxdur, islahatlar və atılan addımlar göstərir ki, dövlət kinematoqrafiya sahəsində ciddi dəyişiklik və inkişafda maraqlıdır. Qalır bu işlərə cavabdeh olan şəxslərin işə vicdanla, məsuliyyətlə yanaşması. Kinomuzun inkişafı üçün əlimizə düşən bu fürsəti dəyərləndirmək hamımız üçün vacibdir.
Hesab edirəm ki, ARKA fəaliyyətində müasir düşüncəli, Azərbaycan kinosunu dünyaya çıxarmaqda maraqlı olan, milli mədəniyyətimizin təbliğinə çalışan gənclərin potensialından istifadə edəcək. Ümid edirəm ki, Mədəniyyət Nazirliyi Kino Agentliyinin strukturunu formalaşdırarkən bacarıqlı kinoprodüserlərlə, beynəlxalq festivallara qatılmış, xaricdə təhsil almış rejissorlarla, kino adamları ilə, kinotənqidçilərlə, bir sözlə yeni düşüncəli peşəkarlarla məsləhətləşəcək.
Eyni zamanda illərdir bu sahədəki boşluqları və yarıtmaz fəaliyyəti tənqid edən şəxsləri də dinləmək istəyəcək. Düşünürəm ki, kino sənayemizin inkişafı üçün yaranan bu tarixi fürsəti dəyərləndirmək, ciddi bir qurum formalaşdırmaq üçün ictimai rəyi də nəzərə almaq lazımdır.
***
Azərbaycan kinosunun problemləri bəllidir. İllərdir bu barədə müzakirələr, polemikalar aparılır. Nazirliyin fəaliyyətindən narazı qalanlar da, nazirliklə əməkdaşlıq edənlər də eyni fikir ətrafında həmrəy olmalıdır, – Azərbaycan kinosunun inkişafı və bu sahədə olan problemlərin həll edilməsi. İnanıram ki, bu mütərəqqi hadisə hamıya öz potensialını reallaşdırmaq fürsəti verəcək.
Yeni yaranan quruma kimin rəhbərlik etməyindən asılı olmayaraq, bu qurum kinonun və mədəniyyətin inkişafına xidmət etməli, kinomuzu irəli aparmalıdır. Ümid edirəm ki, ARKA fəaliyyətində uçub-dağılmaqda olan Kinostudiyanın təmirindən tutmuş, "Euroimages"a üzvlüyə qədər bir çox problemlərin aktuallığını nəzərə alacaq və tezliklə bu problemləri həll edəcək.
***
Hələlik isə ARKA bir qurum kimi formalaşmalı, fəaliyyətə başlamalıdır. Qarşıda Azərbaycan kinosunu uzun bir yol gözləyir. Bu yolda atılan bütün mütərəqqi addımları dəstəkləməyə, milli kinomuz üçün əlimizdən gələni etməyə hazırıq. Təki, arzularımızın heç olmasa bir qismi həyata keçsin. Viktor Hüqo deyir ki, "Ümidsizliyin son dәrәcәsinә çatmış bir adam, laqeyid olmağa başlayır." İstərdim ki, heç kəs ümidsizliyə qapılmasın və bu ümidsizlikdən laqeyidlik yaranmasın.
***
Bəzi həmkarlarım məni tez ümidlənməkdə qınayır. Açığı Mədəniyyət Nazirliyində islahatlar başlayandan ümidliyəm. Proses nə qədər ləng getsə də, mən ümidimi itirmirəm. Bilmirəm, bəlkə yersiz ümidlənirəm, bəlkə proses gözümü qamaşdırır, bilmirəm. Ancaq nədənsə inanmaq istəyirəm ki, yeni yaranan Azərbaycan Respublikasının Kino Agentliyi milli kinomuz üçün ciddi və faydalı işlər görəcək. Hələ də ümidim var ki, Mədəniyyət Nazirliyi böyük işlər görəcək və tənqidlərdən nəticə çıxaracaq. Şəxsən mənim mədəniyyətimizin, ədəbiyyatımızın, kinomuzun inkişafından, beynəlxalq aləmə çıxmağından başqa heç bir istəyim, heç bir təmənnam yoxdur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.