BAKI, 7 may - Sputnik. Bakıda müşahidə edilən güclü külək Uşaq Nevroloji Xəstəxanasının dam örtüyünü uçurub.
Bakının Yasamal rayonu, Tağı Şahbazi küçəsində yerləşən xəstəxananın dam örtüyünün uçması zamanı ətrafa xeyli ziyan dəyib.
Belə ki, dam örtüyünün konstruksiya hissələri yaxınlıqdakı avtomobillərin və ağacların üzərinə düşüb. Ağacların budaqları qırılıb, avtomobillər isə zərər görüb.
Ölkə KİV-lərinin yaydığı məlumata görə, güclü külək rayonlara da xeyli ziyan vurub.
Cəlilabad rayonunda ötən gecədən başlayan güclü külək hələ də davam edir. Nəticədə köhnə Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində yol kənarında 4 ədəd ağac kökündən qoparaq aşıb.
Bundan başqa, Cəlilabadın elektrik təsərrüfatlarına da ziyan dəyib. Belə ki, rayonun Məmmədrzalı, Boyxanlı, Qarakazımlı, Sarxanlı, Kazımabad, Maşlıq, Muğan və Söyüdlü kəndlərində istismar müddəti başa çatmış elektrik naqilləri qırılıb. Nəticədə sözügedən kəndlər işıqsız qalıb.
Hazırda həmin kəndlərə elektik enerjisinin verilməsi istiqamətində işlər görülür.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.