BAKI, 7 may - Sputnik. Ölkə ərazisində ötən gündən başlayaraq hava şəraiti kəskin pisləşib, xüsusilə də Bakı şəhərində güclü külək müşahidə olunub.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin yaydığı məlumata görə, küləyin təsirindən paytaxtda bir sıra fəsadlar meydana çıxıb. Bununla bağlı FHN-in 112 - qaynar telefon xəttinə daxil olmuş məlumatlar əsasında nazirliyin aidiyyəti qüvvələri tərəfindən zəruri və təxirəsalınmaz təhlükəsizlik tədbirləri görülüb.
Bakı şəhərinin Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının damında dəmir parçasının qoparaq asılı vəziyyətdə qalması barədə daxil olmuş məlumat əsasında dərhal əraziyə cəlb olunmuş nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri dəmir parçasını götürərək təhlükəni aradan qaldırıblar.
Bundan əlavə, güclü küləyin təsirindən Bakı şəhərinin Sabunçu rayonundakı birmərtəbəli fərdi yaşayış evinin dam örtüyünün yerindən qoparaq asılı vəziyyətdə qalması və vətəndaşlar üçün real təhlükə yaratması barədə daxil olmuş məlumata əsasən Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub. Xilasedicilər dam örtüyünü ərazidən müvafiq qaydada götürərək təhlükəni aradan qaldırıblar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.