BAKI, 6 may — Sputnik. Atışma ötən gün Ala-Buka rayonunun Aktam kənd administrasiyasının Dobo-Korqon ərazisində baş verib.
Qırğızıstan Respublikası Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Xidmətinin məlumatına görə, Özbəkistan sərhədçiləri üç qırğızıstanlıya qarşı silahdan istifadə ediblər. Nəticədə qırğızıstanlılar ölüblər.
Mayın 5-də Cəlal-Abad vilayətinin Ala-Buka rayonunun Aktam kənd administrasiyasının Dobo-Korqon ərazisində Qırğızıstan-Özbəkistan dövlət sərhədində atışma olub.
Məlumatda deyilir ki, "Qırğızıstan vətəndaşları - 1974-cü il təvəllüdlü A.K., 1998-ci il təvəllüdlü A.J. və 2000-ci il təvəllüdlü A.J. yaralanaraq Ala-Buka rayon xəstəxanasına aparılıblar. Yaralıların üçü də özlərinə gəlmədən aldıqları güllə yaralarından orada ölüblər".
Hadisənin baş vermə şəraitini aydınlaşdırmaq üçün Qırğızıstan Respublikasının Ala-Buka istiqamətindəki sərhəd nümayəndəsi dərhal Özbəkistan Respublikasının Yangi-Kurqan istiqamətindəki sərhəd nümayəndəsi ilə görüş keçirib.
Tərəflər xidməti araşdırmaların nəticələrinə əsasən görüşü bu gün, mayın 6-da davam etdirmək barədə razılığa gəliblər. Hadisə ilə bağlı əməkdaşlıq edən orqanlara məlumat verilib, istintaq tədbirlərinə başlanılıb.
Özbəkistan sərhədçilərinin silahdan istifadə etməsi ilk dəfə deyil: aprelin 5-də iki qırğızıstanlı da onlar tərəfindən açılan atəşlə ölümcül yaralanmışdı.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.