BAKI, 5 may — Sputnik. Rusiyanın dövlət sərhədinin bir neçə buraxılış məntəqəsi malların yoxlanılması üçün əlavə yerlərlə təchiz olunacaq.
Bu barədə Rusiyanın Baş naziri Mixail Mişustin sərəncam imzalayıb.
Rusiya Nazirlər Kabinetinin saytında yerləşdirilən sənəddə bildirilib ki, yeniliklər yükdaşımaların artmasına və Rusiyaya zəruri məhsulların idxalını sürətləndirməyə kömək edəcək.
Azərbaycanla sərhəddəki "Yaraq-Kazmalyar" sərhəd-keçid məntəqəsi və Gürcüstanla sərhəddəki "Yuxarı Lars" keçid məntəqəsinə dəyişikliklər tətbiq olunacaq.
"Yaraq-Kazmalyar" keçid məntəqəsində daha bir hərəkət zolağı istifadəyə verilib
Qeyd edək ki, ötən ay Rusiya-Azərbaycan sərhədindəki "Yaraq-Kazmalyar" keçid məntəqəsində yük maşınlarının hərəkəti üçün daha bir zolaq açılıb.
Daha bir hərəkət zolağının istifadəyə verilməsi məntəqənin buraxılış imkanlarını gündə 100 yük maşını həcmində artıracaq, gözləmə vaxtını xeyli azaldacaq. Hazırda məntəqədən hər iki istiqamətdə gündə 500-550 yük maşını keçir.
Azərbaycan, Türkiyə və İrandan Rusiyaya malların, ilk növbədə, meyvə və tərəvəzin istehlakçıya vaxtında çatdırılması bu məntəqənin işindən asılıdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.