AZƏRBAYCAN XƏBƏRLƏRİ

Bakı bu ay Dünya Kubokuna ev sahibliyi edəcək

Bakı Atıcılıq Mərkəzi Avropanın ən yaxşı 4 mərkəzindən biri hesab olunur.
Sputnik
BAKI, 5 may — Sputnik. Bakı Dünya Kubokuna ev sahibliyi etməyə tam hazırdır.
Bunu Azərbaycan Atıcılıq Federasiyasının baş katibi Emin Cəfərov deyib. Baş katib qeyd edib ki, pandemiya ilə əlaqədar olaraq, 2020 və 2021-ci illərdə idmanın bu növü üzrə ölkəmizdə planlaşdırılmış beynəlxalq mötəbər yarışlar baş tutmasa da, Bakı Atıcılıq Mərkəzində ölkədaxili yarışlar, komandalarımızın hazırlıqları davam edib.
APA-nın xəbərinə görə, federasiya rəsmisi bildirib ki, mövcud şərait idmanın bu növünə marağın artmasına imkan yaradıb: “28 aprel - 2 may tarixlərində ölkənin regionlarından olan və müxtəlif idman klublarını təmsil edən 60-dan artıq gənc 10 metr məsafəyə pnevmatik tapança və pnevmatik tüfəng, 25 və 50 metr məsafəyə kiçikçaplı tapançadan atıcılıq hərəkətləri ilə yarışıblar”.
Beynəlxalq İdman Atıcılıq Federasiyasının (ISSF) İcraiyyə Komitəsinin qərarı ilə 27 may – 7 iyun tarixlərində Bakıda keçiriləcək Dünya Kubokunda atletlər güllə və stend atıcılığının on beş Olimpiya növündə mübarizə aparacaqlar. Bu mötəbər yarışda Bakı Atıcılıq Mərkəzi dünyanın 70-dən çox ölkəsindən 700-dək idmançısını qarşılayacaq. Tanınmış atıcılar, dünya və Avropa çempionları, Olimpiya Oyunlarının qalibləri bu dəfə ad almaq uğrunda Azərbaycanda yarışacaqlar.
Qeyd edək ki, 2015-ci ildə istifadəyə verilən Bakı Atıcılıq Mərkəzi 16 hektar sahəni əhatə etməklə, infrastrukturu və təchizatı ilə Avropanın ən yaxşı 4 mərkəzindən biri hesab olunur.
Qeyd edək ki, 28 aprel - 2 may tarixlərində güllə atıcılığı üzrə ölkə çempionatı baş tutub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
İDMAN
Qəbələdə Dünya Kubokunun açılış mərasimi olub