YAZARLAR

"Taksi problemi": keçmişin nostalgiyası, günümüzün reallığı

Bir zamanlar taksi sürücüləri dndirməsən boşboğazlıq etməz, iki ali məktəb bitirib, hansısa bizneslərinin olmasıyla bağlı yalanlar uydurmazdılar.
Sputnik
Sovetlər zamanında taksi sürücülüyü sayılıb-seçilən peşələrdən, taksi sürücüləri də imkanlı adam sayılırdı. Hətta sovetin yenicə dağıldığı zamanlarda belə, onlar öz maddi vəziyyətlərinə görə seçilirdilər.
Paytaxtda taksi sürücüsü işləyən bir qohumum vardı, ağ rəngli "Qaz 2410" sürürdü. Bütün ölkə ayağının altında idi, ayın yarısını işləyir, yarısını ölkənin axar-baxarlı, gəzməli yerlərini ailəsiylə gəzib, istirahət edirdi. Üstəlik, peşəkar sürücü kimi şöhrət qazanmışdı, çünki taksi sürücüləri həm şəhəri yaxşı tanıyır, həm də avtomobili çox nizam-intizamla idarə edirdilər. Sanballı, imkanlı adamlarla dostluq edir, çox ciddi ailələr sürücülüyü də ona etibar edirdi. Ölkəyə böyük şirkətlər ayaq açanda həmin qohumumu min xahiş-minnətlə neft şirkətlərindən birinə sürücü kimi dəvət etdilər. O vaxtlar xarici şirkətlərin sürücülərə yüksək maaş verdiyi gözəl dönəmlər idi. Həmin qohumum da elə sürücü işləyə-işləyə şəhərin ən yaxşı yerindən iki ev aldı, oğul evləndirib, qız köçürdü. İndi də təqaüdə çıxıb, nəvələri ilə vaxt keçirir, keçmiş günlərin gözəl xatirələrini xatırlayanda da üzü gülür. Taksi sürücüsü işləyəndə tanış olduğu hörmətli, nəcib adamlardan, o adamlarla dostluğundan danışanda bir az kövrəlir. O vaxt taksidən istifadə edən məşhur adamlardan, aktyorlardan, müğənnilərdən ağız dolusu maraqlı əhvalatlar danışır. Həmişə xüsusi olararaq qeyd edir: "Atam, o vaxtlar hər adam taksi sürə bilməzdi. Taksi ciddi, sanballı iş idi. "
***
Tələbə vaxtı bir taksi sürücüsü ilə dostlaşmışdım. Hərdən, ayda 1-2 dəfə harasa tələsəndə onun xidmətindən istifadə edirdim. Lüks avtomobillərin taksi sektoruna girişmədiyi dönəmlər idi. Mamed dayı səliqə-səhmanlı, lüks sayılacaq avtomobil sürürdü. Həmişə eyni yerdə dayanar, geyiminə, səliqəsinə fikir verər, avtomobilində siqaret çəkməzdi. Keçmiş futbolçu olduğunu danışmışdı. Dünya dağılsa sürəti artırmaz, qaydaları pozmazdı. Dünyagörüşü, bilgiləri zəngin adamdı. 2-3 il dostluq etdik. Hətta nişanımda israr elədi ki, səni şəxsən özüm aparacam, – apardı da. Atam da bizimlə məclisdə oturmasını israr etdi. Məclisin şirin yerində gördüm Mamed dayı məni yanlayıb. Qulağıma pıçıldadı ki, "narahat olma, qaynatan keçmiş futbolçu yoldaşımdı, nə sıxıntın olsa yanındayam".
***
Bəli, bir vaxtlar taksi lüks nəqliyyat vasitəsi idi. Avtomobillərin sayı az, taksi sürücüləri də say-seçmə olardı. Əksəriyyəti xeyirə-şərə yarayan, böyük-kiçik yeri bilən, ağırlığı, sanbalı olan insanlardı. Avtomobilinə minən qadının üzünə baxmaz, yersiz, şit, mənasız söhbətlər etməzdilər. Ən azı, mən uşaqlığımda, ilkin gəncliyimdə belə görmüşdüm. İnsanlar onlara ailəsini etibar edəndə, bunu qiymətləndirməyi bacarırdılar. Dindirməsən boşboğazlıq etməz, iki ali məktəb bitirib, hansısa bizneslərinin olmasıyla bağlı yalanlar uydurmazdılar. Sərnişin istəsə ünsiyyət qurar, istəməsə mənzil başına qədər susmağı bacarardılar. O vaxtlar onlayn sifariş olmadığı üçün, "ödənişi niyə kartla edirsən" – deyib sərnişini bihörmət də etməzdilər. Nə isə, dünyanın düz vaxtları idi...
***
Keçmişdə taksi sürücülərin yaxşı qazanması haqda söz-söhbəti eşidən müasir taksi sürücülərinin böyük əksəriyyəti "qaz vurub qazan doldurnmaq" sevdasıyla, bir qismi hansısa təsadüfi sərnişin qadınla tanış olmaq, "bir qismi bir tikə çörək qazanmaq, ailəsini dolandırmaq", bəziləri də məcburiyyətdən üçün bu peşəyə meyl salır. Maşallah, hansını tərpətsən iki diplomu, Rusiyada biznesi, Bakıda "obyektləri" var. Bəs niyə taksi? Taksi müasir sürücülər üçün bu hobbidir. Heç kəs həqiqəti etiraf etmir. Heç kəs dürüst olmaq, həqiqətən bu peşəni niyə seçdiyini demək istəmir. Hansını dindirsən 3-5 ay taksi sürüb, sonra bu işin daşını atacaqmış. Amma ünvana çatanda gələcəyə hesablanmış məzlumluqlarıyla "ulduz qoyarsan da, qaqaş" deməyi unutmurlar. Qanacaq, mərifət, səliqə-səhman, danışıq mədəniyyəti əsil biyabırçılıqdır. Çünki, hamısı özünü bu sahədə müvəqqəti hesab edir, hamısı kimdənsə hansısa işə getmək üçün zəng gözləyir. Heç kəs gördüyü işi ləyaqətlə, abırla görmək istəmir. Bir neçə ay əvvəl taksi sürücülərinin ardıcıl həbsləri ilə bağlı xəbərlər gündəmdən düşmürdü. Yaxşı ki, əxlaqsız davranışları ucbatından cəzalandırılanlar, başqalarına deyəsən görk oldu. Yoxsa rüsvayçılıq hələ çox uzun çəkərdi.
***
Son vaxtlar taksilərdən istifadə halları artdıqca, sürücülərdən narazı olan sərnişinlər də çoxalıb. Elə taksi sürücülərinin də narazılığı ilə az qala hər gün rastlaşıram. Hamı qiymətlərin aşağı olmasından gileylənir. Sovet dövründə yaşayıb-işləmiş taksi sürücüləri kimi, "böyük pullar" qazanmaq, hansısa xarici taksi şirkətinin aplikasiyasına qoşulub, varlanmaq istəyirlər. Bu xam xəyallarla borc-xərc tapıb avtomobil alanların sərnişini görən kimi deyinməyə başlaması, qiymət azlığından şikayətlənməsi adi hal alıb. Gündən-günə sırtıqlaşan, abırsızlaşan taksi sürücüləri günümüzün əsas problemlərindən birinə çevrilir. Yəni, bu sahədə bir xaos, nizamsızlıq hökm sürür. Hələ şəhərdən kənara işləyən, el arasında "manatlıq taksi" deyilən fenomen var ki, ümumiyyətlə nəzarətsiz, heç bir qaydalara tabe olmadan fəaliyyət göstərirlər. Rayonlara sərnişin daşıyan taksilər isə, ümumiyyətlə ayrı pəstahadır. "20 yanvar" metro stansiyasının və "Şamaxı yolu"nu görənlər nə demək istədiyimi daha asan anlayar.
***
Taksi sürücülərinin şirkətlər tərəfindən istismar olunmasını anlayıram, amma bu onlara əsas vermir ki, öz gərginlikləri ilə, neqativ boşboğazlıqları ilə sərnişinləri bezdirsinlər. Artıq sovet dövrü deyil və taksi lyüks nəqliyyat vasitəsi sayılmır. Taksilər hamı üçün əlçatan, avtobusdan bir balaca hörmətli və bir qədər bahadır. Qiymətlərin ucuz olması, taksilərin sayının artması normaldır. Bazar iqtisadiyyatında, kapitalizmdə hətta belə olması vacibdir. Bildiyim qədər taksi sürücülərinin də Həmkarlar Təşkilatı yoxdur. Əksəriyyəti qeyri-qanunu, necə gəldi fəaliyyət göstərir. Anormal olan bu peşəni seçən təsadüfi adamlar, peşələrinin çətinliyinə görə sərnişinləri bezdirən sürücülərdir. Hərdən taksi sürücülərinin sərnişinlərə qarşı müxtəlif cinayətlər törətməsi ilə bağlı xəbərlərə də rast gəlirik. Bu da öz növbəsində "taksi problemi"nin aktuallığından xəbər verir. Hər şeyə rəğmən tezliklə ölkəmizdə bu problemin də həllini tapacağına, yorğun-arğın əyləşdiyimiz, susaraq mənzilbaşına çatmaq istədiyimiz taksilərdə lazımsız söhbətlər eşitməyəcəyimizə, addımbaşı təhlükə ilə üzləşməyəcəyimizə ümid edirəm.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.